Xizək fristaylının moqul növünün Azərbaycanda inkişafı müzakirə olunub

Xizək fristaylının moqul növünün Azərbaycanda inkişafı müzakirə olunub

Qış idmanının inkişafı və xizək fristaylının moqul növünün Azərbaycanda təbliği məsələləri Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevlə Yaponiyanın moqul mütəxəssisi Jiro Miyamotonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.

“Birxeber.Az” xəbər verir ki, görüşdə ölkəmizdə qış idman növlərinin inkişafına xüsusi diqqət ayrıldığını qeyd edən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin Beynəlxalq Xizək Federasiyası tərəfindən Dağ Xizəyinin “Slalom”, “Giqant Slalom” və “Super-G” növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün sertifikat əldə etdiyini diqqətə çatdırıb.

O, “Şahdağ” Turizm Mərkəzində beynəlxalq səviyyədə moqul yarışlarının təşkili üçün lazımi infrastrukturun mövcud olduğunu və “Şahdağ”ın bu formatlı yarışları keçirmək hüququ əldə etməsi üçün qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.

2023-cü ildə “Şahdağ” Turizm Mərkəzində həm xizək həvəskarları, həm də təlimçilər üçün moqul üzrə master-klasların keçirildiyini xatırladan Jiro Miyamoto Azərbaycanda bu idman növünün tanıdılması, xizəkçilər arasında marağın artırılması istiqamətində öz dəstəyini göstərməyə hazır olduğunu vurğulayıb.

Xizək fristaylının moqul növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-cross, xafpayp, sloupestayl və big air kimi növləri də mövcuddur. Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 2023-cü ildə “Şahdağ” Turizm Mərkəzində xizək idmanı ilə məşğul olanlar üçün xizək fristaylının moqul növü üzrə ilk master-klas təşkil edilib.

Qeyd edək ki, yanvarın 27-28-də “Şahdağ” Turizm Mərkəzində Yaponiya səfirliyinin dəstəyi ilə xizək fristaylının moqul növü üzrə növbəti master-klas təşkil olunacaq.