Bakıda SGC Məşvərət Şurasında "yaşıl enerji" sahəsində sənədlərin imzalanması planlaşdırılır

Bakıda SGC Məşvərət Şurasında "yaşıl enerji" sahəsində sənədlərin imzalanması planlaşdırılır

Martın 1-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclasına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə qatılacaq.

Bu barədə "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.

Toplantıda 6 beynəlxalq təşkilatın, 44 şirkətin nümayəndələri iştirak edəcək.

Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəğə baxış” və “COP 29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” üzrə plenar sessiyalarla davam edəcək.

Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçiriləcək.

Tədbir çərçivəsində "yaşıl enerji" sahəsində sənədlərin imzalanması nəzərdə tutulur.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.