Rusiya hərbi təyyarənin vurulduğunu və göyərtədə olanların hamısının öldüyünü təsdiqləyib - YENİLƏNİB-6

Rusiya hərbi təyyarənin vurulduğunu və göyərtədə olanların hamısının öldüyünü təsdiqləyib - YENİLƏNİB-6

Rusiya Dövlət Dumasının Hərbi Komitəsinin sədri Andrey Kartapolov Ukraynanın İL- 75 hərbi-nəqliyyat təyyarəsini məqsədli şəkildə vurduğunu bildirib.

“Birxeber.Az” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Duma rəsmisi qeyd edib ki, Ukraynanın niyyəti əsir mübadiləsini pozmaq idi: “Təyyarənin hara uçduğunu, hara getdiyini qarşı tərəf çox yaxşı bilirdi”.

O söyləyib ki, artıq mübadilə mümkün deyil: “Ukrayna bizi günahlandırmaq üçün belə etdi”.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov isə bu gün əsir mübadiləsinin planlaşdırıldığını təsdiqləyib: “Lakin bu, alınmadı”.

A.Yusov əlavə edib ki, Kiyev təyyarədə hərbi əsirlərin olması ilə bağlı məlumatı dəqiqləşdirir.

Rusiya Müdafiə Nazirliyi İl-76 təyyarəsinin raketlə vurulduğunu təsdiqləyib.

Qeyd olunub ki, hücum Xarkov vilayətinin Liptsi rayonundan zenit-raket kompleksindən istifadə edilməklə həyata keçirilib. Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin radar avadanlığı iki Ukrayna raketinin buraxılışını müşahidə edib.

Belqorod vilayətinin Koroçanski rayon administrasiyasının başçısı Nikolay Nesterov isə təyyarənin vurulması nəticəsində ölənlər arasında mülki əhalinin olmadığını bildirib.

15:37

Rusiya İl-76 hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində göyərtədə olan şəxslərin hamısının öldüyünü təsdiqləyib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru teleqramda yazıb.

O bildirib ki, təyyarə yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb.

Qubernatorun sözlərinə görə, hazırda qəza yeri mühasirəyə alınıb: “Bütün əməliyyat xidmətləri işləyir, istintaq tədbirləri aparılır”.

Ukrayna Müdafiə Nazirliyi isə Rusiyanın Belqorod vilayəti ətrafında “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı informasiyanın araşdırıldığını bildirib.

Nazirlik qeyd edib ki, Ukraynanın rəsmi şəxslərinin açıqlamasını gözləyir, Rusiyanın yaydığı xəbərlərə inanmırlar.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Rəsmi Kiyev “İl-76” hərbi-nəqliyyat təyyarəsini vurmaqla ağılagəlməz vəhşilik aktı törədib.

Nazirlik vurğulayıb ki, bu hadisə Ukrayna ilə istənilən razılaşmanı şübhə altına alır.

Qeyd edək ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 74 nəfər ölüb. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölənlərdən 65-i əsirlikdə olan Ukrayna hərbçisi, 6-sı ekipaj üzvü, 3-ü isə müşayiətçidir.

14:37

Rusiyada hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 75-ə çatıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, təyyarə yerə düşməzdən əvvəl havada partlayış səsləri eşidilib.

13:58

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib.

“RBK Ukraina”ya görə, Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsini Ukrayna Silahlı Qüvvələri vurub. Bu barədə media qurumuna Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib.

Qeyd olunub ki, təyyarə S-300 kompleksləri üçün raketlər daşıyıb.

Bundan başqa, Ukrayna tərəfinin yaydığı məlumata görə, təyyarə raketlə vurulub.

13:25

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin vurulması faktını təsdiqləyib.

"Birxeber.Az” xəbər verir ki, təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Məlumata görə, əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.

Hadisədən sonra Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov əhaliyə çağırış da edib: “Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan, pəncərələrsiz otaqlarda sığınmaq lazımdır”.

Qubernator bayırda olan sakinlərə təhlükəsiz yerə keçməyi də tövsiyə edib.

Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə açıqlamasında hadisənin araşdırılacağını deyib.

13:14

Rusiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 63 nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rəsmi qurumlar məlumatı hələ ki təsdiqləməyib.

13:06

Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir.

Hadisənin səbəbi və nəticələri araşdırılır.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.