Sabahdan “Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır

Sabahdan “Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna sabahdan başlanacaq. Sənəd qəbulu iyunun 15-də başa çatacaq.

"Report" xəbər verir ki, bunu media nümayəndələri üçün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, noyabrın 13-də 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub: "Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə ümumilikdə 4 minədək təhsil proqramını əhatə edir".

Nazir qeyd edib ki, müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlər universitetlər üzrə "Top10”-da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə müraciət edə biləcəklər. “Bundan başqa, namizədlərin bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət ixtisasları üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi də nəzərdə tutulub”.

Qeyd edək ki, bugünədək “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsi üzrə 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.