Ayxan Hacızadə: Avropa Parlamentinin üzvləri populist siyasətin əsiridir

Ayxan Hacızadə: Avropa Parlamentinin üzvləri populist siyasətin əsiridir

Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik.

"Birxeber.Az" xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" üzdə qəbul edilmiş qətnaməyə dair şərhində bildirilib.

O qeyd edib ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır:

"Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir. Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik ölkəmizin suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi, ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir".

A.Hacızadənin sözlərinə görə, nə qədər ki Avropa İttifaqı öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcək.