Ceyhun Bayramov Almaniyanın dövlət katibini Ermənistanla aparılan sülh danışıqları barədə məlumatlandırıb - YENİLƏNİB

Ceyhun Bayramov Almaniyanın dövlət katibini Ermənistanla aparılan sülh danışıqları barədə məlumatlandırıb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Bager ilə görüşüb.

"Birxeber.Az"a XİN-dən verilən məlumata əsasən, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılmış sonuncu danışıqlar barədə fikir mübadiləsi aparılıb.

Məlumata görə, tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər platformalar çərçivəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının qəbuledilməz olduğu Azərbaycan tərəfindən bildirilib.

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin, eləcə də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin geniş əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.

Qarşı tərəf Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, aparılmış sonuncu danışıqlar barədə məlumatlandırılıb, ölkəmizin sülh sazişi layihəsi üzrə baxışları, Ermənistanla münasibətlərin və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət kəsb edən məqamlar diqqətə çatdırılıb.

Prosesin irəlilədilməsi istiqamətində görüşlərin təşkilində dəstəyə görə Almaniya tərəfinə təşəkkür ifadə olunub", - xəbərdə deyilir.

15:36

Berlində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın dövlət katibi Tomas Bagger ilə görüşüb.

"Birxeber.Az"un xəbərinə görə, görüşdə Azərbaycan-Almaniya arasında ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə edilib.

C.Bayramov Almaniyanın dövlət katibinə Ermənistanın xarici işlər naziri ilə apardığı müzakirələr barədə məlumat verib.