İstanbulda Azərbaycanla həmrəylik sərgisinin açılışı keçirilib

İstanbulda Azərbaycanla həmrəylik sərgisinin açılışı keçirilib

İstanbul şəhərinin Ümraniyə Bələdiyyəsinin Kültür Mərkəzində azərbaycanlı sənətkarların əl işlərindən ibarət “Biz birlikdə güclüyük!” adlı Azərbaycanla həmrəylik sərgisinin açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Birxeber.Az"a verilən məlumata görə, İstanbulun Ümraniye Bələdiyyəsinin, “Xarı bülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin, İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan açılış məraimində yerli dövlət orqanlarının, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, sənətsevərlər, qonaqlar, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz iştirak ediblər.

Sərginin açılışından sonra Ümraniye Bələdiyyəsinin sədri İsmet Yıldırım bildirib ki, iki ölkə arasındaki qədim tarixi bağlar ildən-ilə möhkəmlənir və artıq Azərbaycanla Türkiyə dünyada birgə addımlayır. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını və 44 günlük Vətən müharibəsini xatırladan bələdiyyə sədri Qarabağdakı parlaq Zəfərimizi bütün türk dünyasının qüruru kimi qiymətləndirib. O, çıxışını görkəmli şairimiz Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən misraları səsləndirməklə tamamlayıb.

Ümraniye kaymakamı Abdulaziz Aydın çıxışında iki qardaş ölkə arasında keçmişdən gələcəyə uzanan qardaşlıq və birliyin növbəti nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Fərmanının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini, Azərbaycanın Türkiyə üçün qan qardaşı olduğunu bildirib.

Tədbirdə “Xarı bülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin rəhbəri Kəmalə Cabbarova, İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Məhşəti Şərif çıxış ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov iki ölkə arasında əməkdaşlığın bütün sahələr, o cümlədən mədəniyyət və incəsənət sahələri üzrə inkişafından danışıb. Bu tədbiri həmin əməkdaşlığın bariz nümunəsi adlandırıb, Azərbaycan dövlətinin Türkiyədə yaşayan soydaşlarımızın mədəniyyət və incəsənət sahələrinə bəxş etdikləri töhfələri yüksək qiymətləndirdiyini, Komitənin bu istiqamətdə həyata keçirdyi layihələri diqqətə çatdırıb.

Sonra Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyəti sədrinin müavini, 7 fevral 2024-cü il tarixli növbədənkənar Prezident seçkiləri ilə əlaqədar yaradılmış “BİZ – Zəfər yoluna davam!” təşəbbüs qrupunun Türkiyə üzrə koordinatoru Pərviz Məmmədzadə diaspor təşkilatları adından qardaş ölkədə yaşayan səsvemə hüququ olan Azərbaycan vətəndaşlarına müraciəti səsləndirib. Müraciətdə Türkiyədə yaşayan həmvətənlərimiz seçkilərdə fəal iştirak etməyə çağırılıb.

Tədbir böyük qələbəmizin, Prezident İlham Əliyevin xalqımızın və dünya azərbaycanlılarının böyük rəğbətini qazanmış fikirlərinin, xaricdəki diasporumuzun Vətən müharibəsi və sonrakı dövrdə fəaliyyətinin əks olunduğu videoçarxın nümayişi ilə davam etdirilib.

Mərasim Azərbaycan və Türkiyə musiqilərindən ibarət konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Letafet Refik, Tariyel Əlizadə, Aynur Novruzova, müniatür sənətçisi Pərinisə Əskərova, əl işləri sənətçiləri Fatma Abdal və Səadət Qasımovanın əsərlərinin nümayiş etdirildiyi sərgi fevralın 2-dək davam edəcək.