Putin ABŞ-la strateji sabitlik üzrə dialoqa hazır olduğunu bildirib

Putin ABŞ-la strateji sabitlik üzrə dialoqa hazır olduğunu bildirib

Rusiya ABŞ-la strateji sabitlik üzrə dialoqa hazırdır.

Birxeber.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı deyib.

Putin qeyd edib ki, ABŞ-nin hakim dairələri Rusiyaya qarşı düşmən münasibət bəsləyir: “Biz elə bir dövlətlə üz-üzə dayanmışıq ki, onun hakim dairələri bizə qarşı açıq düşmənçilik hərəkətləri edir. Hazırkı ABŞ hakimiyyətinin strateji sabitliyə dair danışıqlarla bağlı dedikləri demaqogiyadır”.

Vladimir Putin çıxışı zamanı Rusiyanın milli təhlükəsizlik məsələləri nəzərə alınmadan ABŞ-la strateji sabitlik üzrə danışıqların aparılmasının mümkünlüyü fikrini rədd edib.

Rusiya lideri ölkəsinin guya kosmosa nüvə silahı yerləşdirmək niyyəti ilə bağlı səsləndirilən ittihamları saxtakarlıq və hiylə adlandırıb və əlavə edib ki, bu, Rusiyanı yalnız ABŞ üçün faydalı olan şərtlərlə danışıqlara cəlb etmək üçün edilir.