Dənizçilərə xüsusi hazırlıq şəhadətnamələri müddətsiz veriləcək

Dənizçilərə xüsusi hazırlıq şəhadətnamələri müddətsiz veriləcək

Dövlət Dəniz və Liman Agentliyində həyata keçirilən islahatların davamı olaraq dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi prosesi sadələşdirilir.

APA-Economics” xəbər verir ki, xüsusi hazırlıq şəhadətnamələri dənizçilərə müvafiq üzmə haqqında arayış və ümumvətəndaş pasportu (yalnız xarici sularda üzən dənizçilər) təqdim edilməklə müddətsiz veriləcək.

Agentlik tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın, habelə milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla aşağıda adları qeyd olunan 9 növ xüsusi hazırlıq kursu üzrə şəhadətnamələr müddətsiz veriləcək:

  • “Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya” (yalnız gəmilərin sıravi heyət üzvləri üçün);
  • “Gəmidə ilk tibbi yardım”;
  • “Gəmidə tibbi nəzarət”;
  • “İzdihamın idarə olunması üzrə hazırlıq”;
  • “Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq”;
  • “Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq”;
  • “Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat”;
  • “Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı”;
  • “Gəmi mühafizəsi üzrə məsul şəxs”.

Sözügedən xüsusi hazırlıq şəhadətnamələrinin müddətsiz verilməsi prosesinə martın 1-dən başlanılacaq. Həmin tarixdən əvvəl alınmış xüsusi hazırlıq şəhadətnamələrinin etibarlılıq müddətinin bitməsinə 6 aydan az müddət qaldıqda dənizçi Agentliyə müraciət edərək imtahanda iştirak etmədən həmin şəhadətnamələri müddətsiz yeniləmək imkanı əldə edəcək.

Hazırda adıçəkilən xüsusi hazırlıq şəhadətnamələri dənizçilərə 5 illik müddətə verilir. Dənizçilər sözügedən sənədləri Agentlik tərəfindən ölkəmizdə fəaliyyətinə icazə verilmiş təlim-tədris müəssisələrində təşkil edilən xüsusi hazırlıq kurslarını bitirdikdən sonra əldə edə bilirlər.