Cahangir Seyed Abbasi: Azərbaycan voleybolunda kriteriyaları dünya standartlarına yaxınlaşdırmalıyıq

Cahangir Seyed Abbasi: Azərbaycan voleybolunda kriteriyaları dünya standartlarına yaxınlaşdırmalıyıq

Azərbaycan voleybolunda kriteriyaları dünya standartlarına yaxınlaşdırmalıyıq.

Bunu "Report"a açıqlamasında yeniyetmə və gənc oğlanlardan ibarət voleybol millisinə rəhbər təyin olunan Cahangir Seyed Abbasi deyib.

Mütəxəssis Azərbaycan voleybolunun inkişafı üçün çalışacaqlarını bildirib: "Burada olduğum üçün sevincliyəm. Federasiya rəhbərliyinə mənə etimad göstərdikləri üçün minnətdaram. Ümid edirəm ki, bu işdə ölkə voleyboluna xeyirli olacağam".

Cahangir Seyed Abbasi hədəflərdən də söz açıb: "Əsas məqsəd aşağı yaş qruplarından ibarət komandalarda milli üçün oyunçu yetişdirməkdir. Bu, uzun müddətli hədəfdir. Kriteriyalarımızı hazırlamışıq. Hər şeyi yenidən qurmaq istəyirik. Ucaboy uşaqları bölgələrdən seçmişik. Axtarışlarımız davam edir. Onların arasından ən perspektivliləri ilə işə davam edəcəyik. Yerli məşqçilər də bizə dəstək olmalıdırlar. Ən azından 2026-cı ildə U-21 yaş qrupu üzrə yarışlarda uğurlu nəticələr əldə etmək niyyətindəyik".