Roman Qaraşov: Rəqabət Məcəlləsinə əsasən bazar subyekti qiymətlərdə manipulyasiya edə bilməyəcək

Roman Qaraşov: Rəqabət Məcəlləsinə əsasən bazar subyekti qiymətlərdə manipulyasiya edə bilməyəcək

Rəqabət Məcəlləsi qüvvədən düşən "Haqsız rəqabət haqqında", "Antiinhisar nəzarəti haqqında" və "Təbii inhisarlar haqqında" qanundan sonra sistemləşdirilmiş şəkildə bütün müddəaları özündə əks etdirir. Burada ümumi müddəlalar, bazar subyektlərinin hüquq və vəzifələri, rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe, bazar gücü, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, təbii inhisarlar sahəsində dövlət tənzimlənməsi, rəqabət haqqında qanunvericiliyə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyin pozulması haqqında işlərə baxılmaslı qaydaları, pozuntulara görə məsuliyyətlə bağlı məsələlər tənzimlənir.

Bunu “APA-Economics”ə açıqlamasında İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət Xidmətinin şöbə müdiri Roman Qaraşov deyib.

O bildirib ki, bu məcəllənin qəbul edilməsi ilə rəqabətlə bağlı pozuntuları aşkar edən, araşdıran qurum kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Dövlət Nəzarət Xidmətinin səlahiyyətləri bir qədər də genişlənir.

R.Qaraşov qeyd edib ki, iri əmtəə bazar subyektləri arasında sövdələşmə və razılaşmalara müəyyən mənada dövlət tərəfindən nəzarət edilməsi ilə onların fəaliyyətlərinə nəzarət bir qədər də artacaq: “Bu isə rəqabət mühitinin şəffaflaşmasına, kiçik və orta sahibkarların bazara daxil olmasına geniş imkan açacaq. Bu ildən artıq satınalmalar haqqıdnda da yeni qanun qüvvəyə minib. Bu cür normativ aktların qəbulu biznes mühitinin daha da şəffaflaşmasına kömək edir. Nəticədə hansısa bazar subyekti hökmranlıq göstərərək qiymətlərdə manipulyasiya edə bilməyəcək, sadə istehlakçı uyğun qiymətə bir məhsul ala biləcək”.

Qeyd edək ki, ötən gün ölkə başçısı İlham Əliyev Rəqabət Məcəlləsini təsdiqləyib. 12 fəsil, 84 maddədən ibarət olan qanun 2024-ci ilin 1 iyul tarixindən qüvvəyə minəcək. Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə 3 "Haqsız rəqabət haqqında", "Antiinhisar nəzarəti haqqında" və "Təbii inhisarlar haqqında" qanunlar qüvvədən düşüb.

Rəqabət Məcəlləsi ölkəmizdə rəqabət mühitinin təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsi məqsədilə hazırlanıb. Məcəllə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları özündə ehtiva edir.

Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun III oxunuşda qəbul edilib.

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanun 23 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.