Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin həbs qərarı dəyişdirilməyib

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin həbs qərarı dəyişdirilməyib

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib.

Məhkəməyə onlayn qaydada qatılan Tofiq Həsənov şahidlərin ifadələri ilə razılaşmayıb və onların heç birindən işə qəbul üçün pul almadığını deyib.

Təqsirləndirilən şəxsin vəkili Ələkbər Cəfərov məhkəmədə vəsatət qaldıraraq bildirib ki, müdafiə etdiyi şəxs 1 ildən artıqdır həbsdədir, nizam-intizamı ilə seçilir, intizam qaydalarına riayət edir. Vəkil məhkəmədən onun barəsində seçilən həbs qətimkan tədbirini başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.

Tofiq Həsənov vəsatərə münasibət bildirərək saxlanma yerində heç bir problemin olmadığını, lakin səhhətində ciddi problemlərin olduğunu, psixoloji cəhətdən problemlər yaşadığını qeyd edib. T.Həsənov hər gün dərman qəbul etdiyini bildirib və məhkəmənin bunu nəzərə almasını xahiş edib.

Məhkəmə vəsatəti əsassız sayaraq təmin etməyib.

Proses martın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvət almada şübhəli bilinərək saxlanılıb.

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.