Fərid Şəfiyev: ABŞ, Fransa birtərəfli bəyanatları ilə vasitəçilik statusunu itirdilər

Fərid Şəfiyev: ABŞ, Fransa birtərəfli bəyanatları ilə vasitəçilik statusunu itirdilər

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ-in, Fransanın səsləndirdikləri birtərəfli bəyanatlarla vasitəçilik statuslarını itirdiklərini bəyan edib.

“Birxeber.Az”a açıqlamasında mərkəzin sədri qeyd edib ki, 30 il ərzində Azərbaycan əraziləri işğal altında qaldı, Avropa İttifaqı (Aİ) həmin müddətdə sərhədə heç bir missiya göndərmirdi, heç bəyanat da vermirdi, indi isə Aİ sərhədə missiya göndərilib, guya ermənilər üçün təhlükə var.

“Bunlar açıq şəkildə göstərir ki, onlar Ermənistanın təcavüzkar siyasətinə faktiki razılıq verdilər. İndi guya Ermənistana təhlükə var və onun arxasında dayanıblar. Biz bu siyasəti qəbul etmirik”, - mütəxəssis qeyd edib.

F.Şəfiyev xüsusilə 2023-cü ilin ikinci yarısında Azərbaycana qarşı ABŞ, Fransa, hətta Şarl Mişelin ofisi tərəfindən qərəzli mövqe müşahidə olunduğunu vurğulayıb:

“Nəticədə onlar vasitəçilik statusunu birtərəfli bəyanatlarla itirdilər. Amma biz Qərbdən özümüzü təcrid etmirik. Sadəcə olaraq görüş yerlərini məkan kimi görürük. Məsələn, bu gün Berlində görüş keçirilir və biz bu şəhəri məkan kimi görürük. Burada söhbət Almaniyanın vasitəçiliyindən getmir. Danışıqlar bundan sonra vasitəçisiz olacaq”.