Azərbaycanın turizm imkanları İspaniyada təbliğ olunur

Azərbaycanın turizm imkanları İspaniyada təbliğ olunur

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə dörd yerli tərəfdaşla birlikdə İspaniyanın Madrid şəhərində keçirilən “FITUR” turizm sərgisində nümayiş etdirilir.

Bu barədə "Birxeber.Az"a Agentlikdən məlumat verilib.

Bildirilir ki, İspandilli ölkələr üzrə nüfuzlu turizm tədbirlərindən biri hesab olunan sərgidə Avropanın bir sıra ölkələrindən, həmçinin Latın Amerikasından olan turoperatorlar və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilir.

Görüşlər çərçivəsində Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, şərabçılıq, qolf, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısına yeni daxil olmuş “Xınalıq və Köç Yolu” mədəni landşaftı, o cümlədən işgüzar turizm imkanları haqqında geniş məlumat təqdim olunur.

Milli stendimizi Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov da ziyarət edib.

Sərgidə Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi diqqət mərkəzindədir.

Yanvarın 28-nə qədər davam edəcək sərgidə 152 ölkədən 9 mindən çox şirkət iştirak edir və sərgini 150 mindən çox insanın ziyarət edəcəyi proqnozlaşdırılır.