Çad Prezidenti təhlükəsizlik xidmətinə hücum edənlərin həbsi barədə göstəriş verib

Çad Prezidenti təhlükəsizlik xidmətinə hücum edənlərin həbsi barədə göstəriş verib

Çadın keçid dövrü Prezidenti Mahamat İdriss Debi İtno Ndjamenadakı Milli Təhlükəsizlik Agentliyinin qərargahına hücum edən müxalif “Sərhədsiz Sosialist Partiyası”nın bütün fəallarının dərhal həbs olunmasını əmr edib.

"Report"un məlumatına görə, bu barədə Çad İnformasiya Nazirliyinin təhlükəsizlik məsələləri üzrə kabinetin iclasının yekunları üzrə yayılan kommünikesində deyilir.

“Çad Silahlı Qüvvələrinin Prezidenti və Ali Baş Komandanı təhlükəsizlik məsələləri və ölkədəki mövcud vəziyyətlə bağlı hökumətin iclası keçiriblər.“İclasda bir neçə nazir, şəxsi kabinetin üzvləri iştirak ediblər. Dövlət başçısının, eləcə də yüksək rütbəli hərbi komandirlərin, kəşfiyyat xidmətlərinin və ədliyyə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə “Sərhədsiz Sosialist Partiyası” fəallarının Milli Təhlükəsizlik Agentliyinin qərargahına hücumundan sonrakı vəziyyət nəzərdən keçirilib. Dövlət başçısı bunu törədənlərin dərhal həbs edilməsinin vacibliyini vurğulayıb. Kimliyindən və hansı vəzifədə olmasından asılı olmayaraq, qanunla toxunulmazlığı olan şəxslərə məxsus binalar istisna olmaqla, paytaxtda daimi axtarışlar aparılmasına göstəriş verib”, - sənəddə qeyd edilir.

Dünən gecə agentliyin Ndjamenadakı ofisinə hücum edilib. Bundan sonra şəhərdə internet kəsilib. Hakimiyyət paytaxtdakı vəziyyətin onların nəzarətində olduğunu bildirib. Agentliyin binasına bütün girişlər bağlanıb.