Baş Prokurorluq BMT-nin qurumu ilə birgə təlim təşkil edib

Baş Prokurorluq BMT-nin qurumu ilə birgə təlim təşkil edib

Baş Prokurorluq və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) birgə təşkilatçılığı ilə Baş Prokurorluqda “İnsan alverinə qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlıq və əsas strateji tərəfdaşlarla mübadilə” mövzusunda təlim keçirilib.

"Birxeber.Az" xəbər verir ki, tədbirin açılış mərasimində Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev çıxış edərək ölkəmizdə insan alverinə qarşı mübarizəyə və cinayət qurbanlarının reabilitasiyasına xüsusi önəm verilməsi, bu sahədə görülmüş işlər və qəbul edilmiş qanunvericilik və normativ aktlar, Milli Fəaliyyət planları, istintaq olunan cinayət işləri barədə iştirakçılara məlumat verib.

Sözügedən seminara hakimlər, prokurorluq, daxili işlər orqanlarında insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən əməkdaşlar və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin ekspertləri cəlb olunub.

Tədbir çərçivəsində BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və həmin Konvensiyaya əlavə “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolunun səmərəli həyata keçirilməsi üzrə potensialının artırılması, o cümlədən insan alveri cinayətlərinə qarşı mübarizənin daha da təkmilləşdirilməsi və cinayət işləri kontekstində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində qarşılıqlı təqdimatlarla çıxışlar edilib, mövzu ətrafında səmərəli müzakirələr aparılıb.