Hüquqşünas tələbələr üçün “Biz gələcəyin vəkilləriyik” adlı qış məktəbi açılıb

Hüquqşünas tələbələr üçün “Biz gələcəyin vəkilləriyik” adlı qış məktəbi açılıb

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hüquq fakültəsinin tələbələri arasında təşkil edilən “Biz gələcəyin vəkilləriyik” adlı növbəti qış məktəbinin açılış mərasimi keçirilib.

"Birxeber.Az" xəbər verir ki, qış məktəbinin əsas məqsədi ölkə ərazisində vəkillik fəaliyyətinin təşviq edilməsi, Hüquq fakültəsi tələbələrinin vəkillik fəaliyyəti sahəsində biliyinin artırılması və onlarda bu sahəyə marağın yaradılması, o cümlədən gənc hüquqşünaslarla Vəkillər Kollegiyası arasında əlaqələndirmənin qurulmasından ibarətdir.

Mərasimdə Kollegiyanın, Gənclər Fondunun, İctimai Birliyin rəhbərlikləri, Vəkillər Kollegiyasının Akademiyasının nümayəndələri, eyni zamanda layihəyə qatılan tələbələr və digər qonaqlar iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb, ölkəmizdə hüquq məktəblərinin əhəmiyyətini vurğulayıb. Sədr layihəyə 250-yə yaxın hüquqşünas tələbənin müraciət etdiyini, onlardan 40 nəfərinin motivasiya məktubu, o cümlədən onlayn müsahibə zamanı bilik və bacarığı, ictimai fəallığı müəyyən olunaraq, iştirak hüququ qazandığını bildirib. Qeyd edib ki, ilk dəfə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 8 tələbəsi qış məktəbinə qatılıb. Burada gender bərabərliyi təmin olunub, seçilənlərdən yarısı qızlar, yarısı isə oğlanlardır.

Anar Bağırov diqqətə çatdırıb ki, qış məktəbi tələbələrin vəkillik sahəsində hüquqi biliklərini artıracaq, gənc hüquqşünasların bu sahədə ixtisaslaşmasına böyük töhfə verəcək və onlar arasında kommunikasiya əlaqələrini möhkəmləndirəcəkdir.

Vəkillər Kollegiyasında son illər görülən işlərdən, rəhbərlik etdiyi qurumun bir çox beynəlxalq təşkilatlara üzv olduğundan bəhs edən sədr Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalandığını, Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini söyləyib.

Həmçinin, Anar Bağırov tələbələrin və gənclər təşkilatlarının təşəbbüslərinin Kollegiya tərəfindən dəstəklənərək, həyata keçirilən tədbirlərin daima diqqət mərkəzində olduğunu da qeyd edib. Vəkillər Kollegiyasının Gənclər Fondu ilə əməkdaşlığına toxunan sədr birgə bir çox faydalı layihələrin həyata keçirildiyini, son illərdə vəkilliyə üz tutan hüquqşünasların əsasən gənclərdən ibarət olduğunu, onların vəkilliyə yeni nəfəs gətirdiklərini və bu istiqamətdə gənclərlə əməkdaşlığa çox böyük önəm verildiyini deyib. Sədr nəzərə çatdırıb ki, Vəkillər Kollegiyası gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına daim dəstək göstərir və bu istiqamətdə ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil ocaqları, hüquqşünas tələbə təşkilatları ilə əməkdaşlıq əlaqələri qurub.

Eyni zamanda, Anar Bağırov vəkil bürolarında keçirilən təcrübə proqramlarından bəhs edib, universitetlərdə hüquqşünas tələbələrin sayının digər ölkələrin təhsil ocaqlarından az olduğunu bildirərək, bu sahədə müvafiq təkliflər irəli sürüb.

Daha sonra Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edərək qış məktəbinin iştirakçılarına uğurlar diləyib, ölkəmizdə hüquq məktəblərinin əhəmiyyətindən, hazırda respublikamızda gənclərin inkişafı üçün geniş imkanların yaradılmasından və qış məktəbinin gənc hüquqşünasların ixtisaslaşmasına verdiyi böyük töhfə barədə danışıblar.

Sonda panel müzakirələri təşkil olunub, sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənovun Azərbaycanın hüquq tarixi ilə bağlı çıxışları dinlənilib, tələbələrin təklifləri səsləndirilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, “Biz Gələcəyin Vəkilləriyik” adlı qış məktəbində ölkənin bütün ali təhsil müəssisələrinin hüquq fakültəsində təhsil alan 40 bakalavr tələbəsi tam ödənişsiz olaraq iştirak edəcək. Düşərgə 3 gün müddətində - 8, 9 və 10 mart tarixlərində Naftalan şəhərində təşkil olunacaq. Layihənin sonunda düşərgə iştirakçılarına sertifikat təqdim ediləcək.

Qeyd edək ki, daha öncə - 2022-ci və 2023-cü illərdə də Vəkillər Kollegiyası ilə Gənclər Fondunun birgə təşkilatçılığıyla hüquqşünas tələbələr üçün yay və qış məktəbləri təşkil olunub.