Tahir Baxşıyev: Titul şansımız varsa, onu qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tahir Baxşıyev: Titul şansımız varsa, onu qazanmaq üçün əlimizdən gələni edəcəyik

İki cəbhədə oynayırıq. Titul şansımız varsa, onu qazanmaq üçün əlimizdən gələni edəcəyik.

"Birxeber.Az" xəbər verir ki, bunu "NTD-İndiqo" klubunun baş məşqçisi Tahir Baxşıyev basketbol üzrə Azərbaycan Kubokunda "Şəki" (103:63) ilə I turun oyununu dəyərləndirərkən deyib.

"Matçdan əvvəl hardasa başa düşürdük ki, biz "Şəki"dən daha güclüyük. Ancaq heç bir qələbə asan qazanılmır. Oyuna rahat çıxa bilməzsən. Əks təqdirdə zədə almaq riski böyükdür. Bundan əlavə, basketbolçuları bu cür matçlara motivasıya etmək həmişə çətindir. Ancaq bu mövzuda uşaqlarla danışdıq. Bu gün gənc oyunçulara şans verdik. Məni sevindirdilər. Müdafiədə yaxşı oynadılar. 12 oyunçunun hamısının xal toplaması məni də sevindirdi. Bu tez-tez baş vermir", - T.Baxşıyev vurğulayıb.

Azərbaycan millisinin də baş məşqçisi olan mütəxəssis kubokla çempionatın fərqindən danışıb: "Tamamilə fərqli yarışlardır. Gənc yerli oyunçulara çempionat oyunlarında da şans verməyə çalışırıq. Amma kubokda limit fərqli olduğundan, yerli oyunçular daha çox şans qazanırlar. "NTD-İndiqo"nun yerli oyunçularının 90 faizi bizim yetirməmizdir. Biz həmişə gənc basketbolçularla işləyirik. Heyətdə 16 və 17 yaşlı uşaqlar var. Və deməzdim ki, onlar təcrübəli basketbolçulardan zəifdirlər".