Ombudsman Aparatı və MSK Masallıda seçki hüquqları ilə bağlı tədbir keçirib

Ombudsman Aparatı və MSK Masallıda seçki hüquqları ilə bağlı tədbir keçirib

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparat rəhbəri və Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri Masallı rayonunda seçki hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçiriblər.

"Birxeber.Az"un məlumatına görə, “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masada Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı vətəndaşların seçki hüququnun təmini və müdafiəsi istiqamətində təsisat tərəfindən müvafiq işlərin görüldüyünü, MSK ilə birgə Bakı şəhəri və regionlarda birgə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

A.Səfixanlı Ombudsman təsisatının seçki prosesi zamanı müşahidəçilik təcrübəsi barədə məlumat verib.

Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev bu dövr ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə müfəssəl məlumat verib. O, ilk dəfə olaraq MSK tərəfindən hazırlanan “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçasının əhəmiyyətinə toxunub.

Mərkəzi Seçki Komissiyasının əməkdaşı Cavid Zeynalov görülən tədbirlərdən bəhs edərək, xüsusilə də seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bölmə vasitəsilə vətəndaşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Sonda dəyirmi masa iştirakçıları fikir və təcrübələrini bölüşüb, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.