ASA-nın icraçı direktoru: Türk Dünyası Sığorta Birliyinin ilk toplantısı Şuşada keçiriləcək - MÜSAHİBƏ

ASA-nın icraçı direktoru: Türk Dünyası Sığorta Birliyinin ilk toplantısı Şuşada keçiriləcək - MÜSAHİBƏ

Birxeber.Az-Economics” 2024-cü ildə Azərbaycan sığorta sektorunda gözlənilən yeniliklərlə bağlı Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayevlə olan müsahibəni təqdim edir:

- Elmar müəllim, 2024-cü ildə sığorta sektorunda əsas hansı yeniliklər gözlənilir?

- Bildiyiniz kimi, beş ölkənin sığorta birliklərinin iştirakı ilə Türk Dünyası Sığorta Birliyi (TDSB) yaradılıb. Əsas planlarımızından biri bu Birliyin ilk toplantısının Azərbaycanda keçirilməsidir. Bununla bağlı, dövlət qurumları ilə, əlaqədar təşkilatlarla danışıqlar aparılır. TDSB-nin ilk toplantısının bu ilin may və ya iyun aylarında Şuşa şəhərində keçirilməsini planlaşdırırıq. Bu özü həm maddi imkanlar, həm də təşkilati baxımdan böyük işdir.

Həmçinin, sığorta sahəsinin inkişafı üçün xarici təcrübənin öyrənilməsi və tətbiqi baxımından səfərlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu il ərzində Türkiyə, Rusiya və Almaniyaya səfərlərimiz planlaşdırılıb. Bundan əlavə, sığorta maarifləndirməsi layihəsi çərçivəsində ötən il olduğu kimi, 2024-cü ildə də sığorta festivalının keçirilməsini davam etdirəcəyik.

Bildiyiniz kimi, Azərbaycanda hər il ASA olaraq Beynəlxalq Sığorta Forumları təşkil edirdik. Lakin COVID-19 pandemiyası səbəbilə bu beynəlxalq tədbirin təşkilinə müvəqqəti fasilə verməli olmuşduq. Bildirmək istəyirəm ki, artıq bu ildən etibarən bu ənənəmizi yenidən bərpa edəcəyik və cari ilin iyun ayında ölkəmizdə Beynəlxalq Sığorta Forumunu təşkil etməyi planlaşdırırıq.

-Xarici səfərləriniz sığorta sahəsində hansı xarici təcrübənin öyrənilməsinə və yerli bazarda tətbiqinə yönəlib?

- Avtomobillərin icbari sığortası üzrə vahid qiymətləndirmə sisteminin yaradılması üzərində aktiv fazada işlər davam etdirilir. Mərkəzləşdirilmiş qiymətləndirmə sistemi Rusiya və Türkiyənin təcrübəsində artıq mövcuddur. Ötən il bu ölkələrə səfərlərimiz olub. Bu il də bu ölkələrin uğurlu təcrübələrini öyrənməkdə, sığorta sektorunun inkişafı üçün tətbiq etməkdə davam edəcəyik.

- Vahid qiymətləndirmə sistemi necə işləyəcək?

- Proses tam bitmədiyi üçün hələlik nəsə demək çətindir. Amma deyə bilərəm ki, bir neçə üsul və metodlar mövcuddur. Azərbaycan bazarına, ölkə reallığına ən uyğun olan üsulları tətbiq etmək istəyirik. Ehtiyat hissələrinin qiymətləndirilməsinə yanaşma bir üsuldur. Azərbaycanda həm yeni, həm ikinci əl ehtiyat hissələri istifadə olunur. Əksər ölkələrdə isə ikinci əl ehtiyat hissələri olmadığı üçün nəzərə alınmır. Ona görə də çalışırıq ki, bunların hamısını bir əldə cəmləyək və vahid qiymətləndirmə sistemi maksimum şəkildə faydalı olsun.

Bizim nəzərdə tutduğumuz qiymətləndirmə sistemi süni intelekt tətbiq edilməklə həm işçilik xərclərinin elektron qaydada, həm də ehtiyat hissələrinin qiymətinin elektron qaydada hesablanmasını özündə ehtiva edir. Ehtiyat hissəsi qiyməti ilə yanaşı onun istehsal olunduğu ölkə, yeni və ya ikinci əl olması nəzərə alınmalıdır. Vahid qiymətləndirmə sistemi bu baxımdan elə platforma olmalıdır ki, maksimum şəkildə özündə düzgün məlumatları toplasın.

- Azərbaycanda vahid qiymətləndirmə sisteminin tətbiqinə nə vaxtdan başlanılacaq?

- Bunu hələlik demək çətindir. Bu, təkcə bizim səyimizdən asılı deyil. Qeyd etdiyim kimi, bunun üçün xarici təcrübədən yararlanırıq. Burada digər ölkələrin sığorta birlikləri ilə əməkdaşlıq, məlumat mübadiləsi vaxt tələb edir. Bu, uzunmüddətli prosesdir. Bizim istəyimizə gəldikdə isə bu il ərzində işlərin yekunlaşdırılmasını istəyirik.

- Elmar müəllim, “Azərsığorta” ilə bağlı qeyri-müəyyənlik davam edir. Sığorta şirkəti demək olar ki, fəaliyyətini dayandırıb. Bağlanma ehtimalı və digər versiyalar səsləndirilir. Bu, təbii ki, istehlakçıları, yəni bu sığorta şirkətində sığortalanan vətəndaşları da maraqlandıran məsələdir. Sığorta şirkətinin taleyi necə olacaq?

- “Azərsığorta”nın müştəriləri əldə etdikləri bütün sığorta xidmətlərindən bu günə qədər aktiv şəkildə faydalanırlar. Sığortalılar sığorta müqaviləsinin bitmə tarixinə qədər bu xidmətlərdən yararlana bilərlər. Yəni, hadisə baş verdiyi zaman zərər ödənişi üçün sığorta şirkətinə müraciət edə bilərlər.

- 2024-cü il üzrə sığorta sektorunda artım proqnozunuz necədir?

- Hesab edirəm ki, sektorun inkişafı üçün planlaşdırdığımız bütün yenilikləri tətbiq edə bilsək, bu il sığorta bazarı 15-18% civarında böyüyə bilər. Bu təbii ki, aşağı hədəfimizdir. Sığorta yığımlarında artımın daha çox daşınmaz əmlakın icbari sığortasında və könüllü sığorta növlərində olacağını düşünürəm.