Hökumət Ödəniş Portalına 1438 bələdiyyə orqanı inteqrasiya olunub

Hökumət Ödəniş Portalına 1438 bələdiyyə orqanı inteqrasiya olunub

2023-cü ilin ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) operatoru olduğu Hökumət Ödəniş Portalına (HÖP) 1438 bələdiyyə orqanı inteqrasiya olunub.

Bu barədə “Birxeber.Az-Economics” AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, 2023-cü il ərzində HÖP vasitəsilə həyata keçirilən əməliyyatların sayı 2022-ci illə müqayisədə 55% artaraq 131.8 mln. ədəd, həcmi isə 37.4% artaraq 6.9 mlrd. manat olmuşdur. Əməliyyatların say üzrə 68.7%- i, həcm üzrə isə 76.5%-i nağdsız formada aparılıb. Nağdsız formada aparılmış bu əməliyyatların həcmində 47.2% artım müşahidə edilib.

Bildirib ki, ötən il HÖP-ə 11 mərkəzi icra hakimiyyəti orqanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, “Elektron Məhkəmə” portalı üzərindən 122 məhkəmə orqanı, İcbari Sığorta Bürosu vasitəsi ilə 19 sığorta şirkəti, Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əqli Mülkiyyət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Milli Sertifikat Xidmətləri Mərkəzi, Dövlət İmtahan Mərkəzi və 100-dən çox ali və orta ixtisas təhsil müəssisəsi inteqrasiya olunub.

Hazırda HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 1100-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur.