Nazir: "Stavropolla Azərbaycan arasında ticarət dövriyyəsi 10 % artıb"

Nazir: "Stavropolla Azərbaycan arasında ticarət dövriyyəsi 10 % artıb"

Rusiyanın Stavropol diyarı ilə Azərbaycanın xarici ticarət dövriyyəsi 2023-cü ildə 10 % artaraq 200 milyon ABŞ dollarını ötüb.

"Report" xəbər verir ki, bunu TASS-a regionun iqtisadi inkişaf naziri Denis Polyubin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan Regionlararası Forumu kuluarında bildirib.

O qeyd edib ki, respublikaya tədarük ümumi regional ixracın 30 %-ni təşkil edir: "2023-cü ildə Stavropoldan Azərbaycana ixrac edilən kənd təsərrüfatı məhsullarının dəyəri taxıl, ət məhsulları, yağ-piy sənayesi məhsulları daxil olmaqla, təxminən 177 milyon ABŞ dolları təşkil edib. Bundan başqa, Stavropoldan Azərbaycana qənnadı məmulatları, mineral su və kolbasa da tədarük edilib".

D.Polyubin əlavə edib ki, Rusiyanın bu diyarından Azərbaycana sənaye malları arasında ən çox mineral gübrələr, plastik məmulatlar, dam örtükləri, elektrik sayğacları idxal olunur.

Xatırladaq ki, Mineralnıye Vodıda Rusiya və Azərbaycanın baş nazirlərinin müavinləri - Aleksey Overçuk və Şahin Mustafayevin sədrliyi ilə XII Rusiya-Azərbaycan regionlararası forumu keçirilir. Forumda perspektivli nəqliyyat və logistika layihələri, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ekoloji dialoqun təşviqi imkanları, eləcə də sənaye sektorlarında əməkdaşlığın yeni vektorları müzakirə olunur.

Forum çərçivəsində sənaye istehsalı, nəqliyyat və logistika sənayesi, mədəni-humanitar qarşılıqlı fəaliyyət, ekoloji problemlər və aqrar-sənaye kompleksini əhatə edəcək dörd tematik dəyirmi masanın keçirilməsi planlaşdırılır. Forumun işgüzar hissəsinə Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə keçiriləcək plenar iclasla yekun vurulacaq.