Qvatemala səfiri: Azərbaycan regionda güclü dövlətə çevrilib - MÜSAHİBƏ

Qvatemala səfiri: Azərbaycan regionda güclü dövlətə çevrilib - MÜSAHİBƏ

Qvatemalanın Azərbaycandakı səfiri Jairo David Estrada Barriosla (eyni zamanda ölkəsini Türkiyədə təmsil edir və iqamətgahı Ankarada yerləşir) xeyli müddətdir görüşmək istəsək də, müsahibə onun səlahiyyət müddətinin bitməsinə az zaman qalmış baş tutdu. Qeyri-rezident səfirlərlə görüşümüzün əsas məqsədi adətən onların mənsub olduqları ölkə ilə Azərbaycan arasında əlaqələrin təbliğinə xidmət edir. Bu dəfə isə məqsədimizdən əlavə Mərkəzi Amerikada yerləşən bu qədim dövlətin Mayya sivilizasiyasının ürəyi hesab edilməsinə, Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün bu sivilizasiyanı öyrənmək üçün verdiyi xüsusi tapşırıqla bağlı məlumatları öyrənmək marağımız da vardı.

Jairo David Estrada Barrios "Report"un Türkiyə bürosuna müsahibəsində iki ölkə arasındakı əlaqələri daha da genişləndirmək üçün planlarından danışıb.

Diplomatla müsahibəni təqdim edirik:

- Cənab səfir, Qvatemala-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Qvatemala və Azərbaycanın diplomatik münasibətləri 1994-cü ildən qurulub və bu günə qədər yüksək səviyyədə davam edir. İki ölkə daha faydalı imkanlar müəyyən edərək istər siyasi, istərsə də iqtisadi əlaqələri daha da genişləndirir. Bu baxımdan mən ölkəmi həm Türkiyədə, həm də Azərbaycanda təmsil etməkdən qürur duyuram. Azərbaycan Prezidenti İlham Əliyev, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslərlə görüşlərimdə iki ölkə arasında münasibətlərin möhkəm olduğuna bir daha əmin oldum.

Bu gün Azərbaycan regionda güclü dövlətə çevrilib və bu güc getdikcə daha da artır.

- Qvatemala-Azərbaycan əlaqələrini hansı sahələrdə genişləndirmək mümkündür?

- Düşünürəm ki, əlaqələri və əməkdaşlığı daha da inkişaf etdirmək üçün təhsil sahəsinə diqqət yetirmək yaxşı olardı. Daha da konkretləşdirsək, həm Azərbaycan, həm də Qvatemala heyrətamiz mənəvi-mədəni sərvətə malik ölkələrdir və təhsil vasitəsilə akademik, mədəni sahələrdə əməkdaşlıq etmək mümkündür. Məsələn, Azərbaycan əhalisi, şübhəsiz ki, dünyanın böyük sivilizasiyalarından biri olan mayyaların qədim tarixi haqqında daha çox öyrənməkdə maraqlıdır. Biz də Azərbaycan tarixinə və mədəniyyətinə maraq göstəririk. Bu sahədə nə üçün əməkdaşlıq və mübadilə olmasın?

- Yeri gəlmişkən, türklərlə mayyaların mədəniyyətlərinin çox oxşar olması haqqında fikirlər var. Bu haqda sizin düşüncəniz necədir?

- Bəli, tamamilə doğrudur. Hətta Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk zamanında Meksikaya diplomat göndərərək Qvatemalada yaşayan Mayya sivilizasiyası ilə əlaqələrin araşdırılmasını istəyib. Bununla bağlı Türkiyə Milli Arxivində mayyalarla türklər arasındakı əlaqələrə dair hesabat da var. Səfir olduğum müddətdə həm də arxivlərə, kitabxanalara gedib, bunlarla tanış oldum. Onu da deyim ki, Türkiyə ilə diplomatik əlaqələrimizin bu il 150 yaşı tamam olacaq.

- Sizcə, Atatürkün diqqətini mayyalarla bağlı daha çox nə cəlb etmişdi?

- Atatürk dünyagörüşü çox geniş bir şəxsiyyət idi və bu səbəbdən zamanında mayya sivilizasiyası haqqında daha çox öyrənməyə, maraqlanmağa çalışıb. Qvatemala isə mayya sivilizasiyasının mərkəzidir. Biz bilirik ki, ötən əsrin 30-cu illərində Mustafa Kamal Atatürkün göstərişi ilə Türkiyənin Meksikadakı səfiri mayyalar haqqında bəzi məlumatlar alıb, Türkiyənin qurucu liderinə çatdırıb. Bu məlumatlar Atatürkün indiki 5 ölkədə - Meksika, Qvatemala, Beliz və Salvadorda yerləşən və 400 min kvadrat kilometrdən çox ərazini əhatə edən cəlbedici Mayya sivilizasiyası haqqında daha çox məlumat əldə etmək marağına sübutdur. Yeri gəlmişkən, şimali amerikalı bir arxeoloq mayyaların zəka güclərini, intellektual tərəqqilərini öyrəndikdən sonra onları "planetin ən parlaq insanları" adlandırıb. Mayya sivilizasiyasının ən böyük və ən qədim şəhərlərindən biri Tikalda mayya memarlıq üslubunda tikilən məbədlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Mayyalar böyük astronomlar olduqları üçün, hər elmdən xəbərdar idilər, bu səbəbdən də tikintiləri, piramidaları, rəsədxanalarındakı üslubda astronomiya, nücum, riyaziyyat fundamentalizmlə yanaşı, memarlıq, incəsənət əsrarəngizliyi də var. Sözügedən sivilizasiya bütün dünya tədqiqatçılarını, turistlərini hər zaman özünə cəlb edir.

- Mayya təqvimi də maraqlıdır...

- Mayyalar xüsusilə Günəş, Ay və Venera planetinin hərəkətini müşahidə ediblər və üç təqvimi vurğulayaraq günləri, həftələri, ayları və illəri qeyd edən aspektləri öyrəniblər. Qvatemalada mayya adət-ənənələri bu gün də qorunur və hörmət edilir. Hətta bəzi icmalar mayya təqvimi əsasında mərasimlər keçirirlər. Bu mənada mayya sivilizasiyası heyranedicidir. Bu qədimdən qədim sivilizasiyanı görmək istəyənlər, tarixə və mədəniyyətə həvəs göstərənlər üçün Qvatemala, şübhəsiz ki, ən başda ziyarət ediləcək ölkələrdən biridir. Onu da qeyd edim ki, Mayya sivilizasiyası ilə bağlı qazıntılar hələ də davam edir. Bu yaxınlarda Qvatemalada tədqiqatçılar əvvəllər arxeologiyaya məlum olmayan bir Mayya kralı məzarını aşkar ediblər. Təxminən eramızın 350-ci illərinə aid olan məzar mozaika jade maskası da daxil olmaqla, qeyri-adi əşyalarla doludur.

- Azərbaycanla Qvatemala mədəni əlaqələri haqqında nə deyə bilərsiniz?

- Qvatemala və Azərbaycan arasında hazırkı mədəni əlaqələr gələcək mədəni əlaqələr üçün imkan yaradır. Dünyanın istənilən yerində keçmişdən izlər var, bundan Qvatemala və Azərbaycan da istisna deyil, hətta mən deyərdim ki, hər iki ölkədə tarixin zənginlikləri yatır. Azərbaycan da daxil getdiyim ölkələrdə ilk növbədə tarixi yerləri, muzeyləri ziyarət edirəm ki, Azərbaycanı gəzərkən bu qənaətə gəldim. Öyrəndikcə tarixin sirr qapıları bizə açılır.

- İki ölkə arasında birbaşa aviareyslərin açılması gözlənilirmi?

- Aviareyslərin açılması üçün biz turizmlə yanaşı, siyasi-diplomatik məsələlər üzərində də paralel işləməliyik. Səyahətə marağı olan hər kəsi səyahətlə bağlı geniş şəkildə məlumatla təmin etməliyik. Belə olan halda turist öz səyahətindən zövq ala bilər. Bu kontekstdə Qvatemala hökuməti Turizm İnstitutu və bu sahənin mütəxəssisləri vasitəsilə çox çalışır, insanlarda maraq yaradaraq səyahətə tələbatı artırır. Bundan başqa Qvatemala qəhvəsi və hili də turistlərimiz üçün fərqli bir ləzzətdir.

- Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını 30 ildən sonra azad etdi. Hazırda işğaldan azad edilən Qarabağda, Şərqi Zəngəzurda tikinti, bərpa işləri aparılır. Prosesdə müxtəlif ölkələrdən şirkətlər iştirak edir. Siz Azərbaycanda səfərdə olarkən demişdiniz ki, Qvatemala minaların təmizlənməsi sahəsində Azərbaycana dəstək verməyə hazırdır. Qvatemala hansısa şəkildə bu prosesə cəlb oluna bilərmi?

- Əslində, mən Azərbaycanın ərazilərdə tətbiq edilən inkişaf konsepsiyasını çox gözəl qiymətləndirirəm və inanıram ki, tezliklə qurulan infrastruktur daha çox insana fayda verəcək. Qvatemala həmişə əməkdaşlığa açıq ölkə olub və hər zaman sülhün, inkişafın tərəfindədir. Buna görə də Azərbaycana dəstək verməyə hazırdır.

- Siz iki dəfə Qarabağda olmusunuz. Bölgə haqqında təəssüratlarınız necədir?

- Onu deyə bilərəm ki, Azərbaycan hökuməti öz xalqının rifahını təmin etmək üçün hərtərəfli səylər göstərir və mən bu cəhdlərə, təşəbbüslərə heyranam.

- Cənab səfir, ölkəniz yaxın gələcəkdə Azərbaycanda səfirlik aça bilərmi?

- Biz hər bir ölkədə imkanlarımızı təbliğ etmək istiqamətində çox çalışırıq. Ümid edirəm ki, gələcəkdə hər iki ölkə qarşılıqlı əsasda səfirliklər aça biləcək, çünki bu gün Qvatemalanı Azərbaycanda iqamətgahı Ankarada yerləşən səfir təmsil edir. Azərbaycanın isə Meksikadakı səfiri eyni zamanda Bakının Qvatemaladakı təmsilçisidir. İlk mərhələdə Azərbaycana fəxri konsul təyin etmək istəyirik və hazırda bununla bağlı proseslərə başlamışıq.

- Yaxın gələcəkdə Qvatemaladan Azərbaycana yüksək səviyyəli səfərlər gözlənilirmi?

- Ötən il xarici işlər nazirimizin müavini Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısında iştirak edib və bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan verdi.

- Son olaraq Azərbaycan haqqında ümumi təəssüratlarınız necədir?

- Mən Azərbaycana həm rəsmi səfər etmişəm, həm də ailəmlə birlikdə turist kimi getmişəm. Bu gün Azərbaycan regionda güclü bir dövlətə çevrilib və bu güc getdikcə artır. Səfir olduğum müddətdə Azərbaycanın Ağdam, Şuşa, Naxçıvan şəhərlərinə səfər etdim. Bölgədə aparılan yenidənqurma işlərinin şahidi oldum. Bu işlər onu göstərir ki, ölkə hərtərəfli inkişafa, quruculuğa, bərpaya diqqət göstərir və bu təşəbbüslər gerçəkdən də təqdir olunmalıdır. Bakı və Naxçıvandakı tarixi məkanlar, abidələr məni heyran etdi. Paytaxt Bakı müasir tikintilərə və yol infrastrukturuna malikdir, gözəlliyi çoxsaylı turistləri özünə cəlb edir, təhlükəsizliyi təmin edən beynəlxalq tədbirlər də bu cazibəni daha da artırır. Bakıda əl ilə toxunulan xalçalar, keramik qablar almışam. Aldığım suvenirləri özümlə xatirə kimi ölkəmə aparacağam. Azərbaycan və Türkiyə hafizəmdə silinməyən bir iz buraxdığı üçün bu iki qardaş ölkəni hər zaman çox xoş xatirələrlə yada salacağam və darıxacağam.