Agentlik sədri su və kanalizasiya sistemlərinin qurulmasına özəl sektorun cəlb olunmasını təklif edib

Agentlik sədri su və kanalizasiya sistemlərinin qurulmasına özəl sektorun cəlb olunmasını təklif edib

Problemlərin həlli özəl sektorun bu sahəyə cəlbinə bağlıdır.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Sədr bildirib ki, bu, dövlətin su problemləri sahəsində yükünü azalda bilər:

“Özəl sektorun gətirəcəyi effektivlik də burada mühüm rol oynayacaq. Agentliyin yaradılma səbəbi bütün pərakəndəliyi aradan qaldırmaqdır. Pandemiya başlayacağını heç kim bilmirdi. Layihələr hazır idi, vəsait ayrılmışdı, amma pandemiya oldu, layihələr yarımçıq qaldı. Qarabağ işğaldan azad edildi, oranın bərpası üçün də çox böyük vəsait tələb olunur”.

Zaur Mikayılov diqqətə çatdırıb ki, suyun təmizliyindən tutmuş əlçatanlığına qədər bütün problemlər həll olunmalıdır:

“İşin düzgün aparılması üçün Prezidentin dediyi kimi, sistem yerində olmalıdır və sistemdə düzgün insanlar çalışmalıdır. Biz bu addımları atırıq”.