BNN: Azərbaycan “Avro-5” standartları ilə ekoloji cəhətdən təmiz nəqliyyatı təşviq edir

BNN: Azərbaycan “Avro-5” standartları ilə ekoloji cəhətdən təmiz nəqliyyatı təşviq edir

Azərbaycan avtomobil nəqliyyatında “Avro-5” standartlarının qəbulu sayəsində iqlim dəyişikliyi ilə mübarizə və istixana qazlarının emissiyalarının azaldılması sahəsində daha bir mühüm addım atıb.

“Report” xəbər verir ki, bu barədə "BNN Breaking"də dərc olunan məqalədə deyilir.

“İşlənmiş tullantıların azaldılmasına yönəlmiş bu təşəbbüslə daha yüksək oktanlı, yəni “Aİ-95” yanacağının istifadəsi nəzərdə tutulur və ölkəyə yaşı 7 ildən çox olan köhnə avtomobillərin idxalına məhdudiyyətlər qoyulur”, - məqalədə qeyd olunub.

Ekoloji standartlara cavab vermək və havanın keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan özünün “Aİ-95” markalı benzin istehsalını yaradıb.

Müəllif vurğulayıb ki, bu addım təkcə yanacağın qiymətinin aşağı salınmasına deyil, həm də nəqliyyatın ətraf mühitə təsirinin azaldılmasına yönəlib: “Aİ-95” yanacağına keçidlə digər yanacaq növləri də tədricən bazardan çıxarılır ki, bu da ölkənin yanaşmalarında əsaslı dəyişikliyi nümayiş etdirir. Azərbaycan emissiyaların azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışların öhdəsindən gəlməyə davam etdikcə, bu tədbirlərin həm ətraf mühitə, həm də iqtisadiyyata təsiri diqqətlə izlənəcək”

Qeyd edək ki, “Avro-5” avtomobilin işlənmiş qazlarındakı zərərli maddələrin tərkibini tənzimləyən ekoloji standartdır.