“Tullantıları tinglərə dəyiş” aksiyası başlayıb

“Tullantıları tinglərə dəyiş” aksiyası başlayıb

Məişət tullantılarını təkrar emala yönləndirmək, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə “Tullantıları tinglərə dəyiş” aksiyası başlayıb.

"Birxeber.Az" xəbər verir ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Əhmədli qəsəbəsi “Bravo” hipermarketin qarşısında keçirilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu 195 litr olan plastik, 243 litr olan şüşə tullantı və 135 ədəd işlənmiş batareya təhvil verib: "Vətəndaşları ağac əkməyə təşviq etmək məqsədilə keçirilən aksiya zamanı iştirakçılara təhvil verdikləri tullantılar qarşılığında ETSN-in tinglik sahələrində yetişdirilən 150 ədəd ağac tingi verilib, aksiyada iştirak edən uşaqlara isə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici kitablar hədiyyə olunub".

İ.İbrahimova hər kəsi tullantıların azaldımasına dəstək olmağa, təkrar emalın təşviqi aksiyalarında fəal iştirak etməyə, təbiətə fayda verəcək belə aksiyalardan yararlanmağa çağırıb.

Qeyd olunub ki, aksiyaların keçiriləcəyi yer və vaxt barədə məlumatlar nazirliyin sosial şəbəkə hesablarında öncədən paylaşılır.