Azərbaycan BOKT-u daha 2 milyon manatlıq istiqraz buraxır
“Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “International" QSC bank olmayan kredit təşkilatının (BOKT) yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Birxeber" BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd, yəni 2 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar 18 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar aprelin 14-də birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.