Azərbaycanda özəl sektorun su təchizatına cəlb olunması təklif edilir

Azərbaycanda özəl sektorun su təchizatına cəlb olunması təklif edilir

Azərbaycanda dəniz suyunun təmizlənməsində və yaxud çay suyunun filtrasiyasında özəl sektorun iştirakına şərait yaradılmalıdır.

"Birxeber.Az" xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə deputat Elnur Allahverdiyev bildirib.

"Bu təcrübə bu gün dünyada uğurla sınaqdan keçirilir. Düşünürəm ki, bu, həm dövlətin yükünün azalmasına töhfə verər, həm də prosesin sürətlənməsinə, bizi gözləyən çətinliklərin daha operativ həllinə şərait yaradar. Ölkəmizdə su təchizatı, suya tələbat və yaxud ehtiyaca dair proqnozlar təəssüf ki, o qədər də pozitiv deyil. Qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik. Bu, təbii ki, obyektiv prosesdir, bütün dünyada izlənən tendensiyadır. Azərbaycanın da inkişafda olan ölkədir və bu dünyanın bir parçası olaraq suya tələbatı getdikcə artmaqdadır. Birincisi, əhalimizin sayı sürətlə artır, ikincisi iqtisadiyyat böyüyür, istehsal sahələri genişlənir və bu, həm içməli, həm də texniki suya olan ehtiyacı dəfələrlə artırır", - deyə o qeyd edib.