Sadiq Qurbanov: "Azərbaycanda suyun keyfiyyəti ürəkaçan deyil"

Sadiq Qurbanov: "Azərbaycanda suyun keyfiyyəti ürəkaçan deyil"

Azərbaycanda suyun keyfiyyəti ürəkaçan deyil.

"Report" xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

"Azərbaycan əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədi ilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında 2023-cü ildə müayinə edilmiş 763 su nümunəsinin 0,7 %-i (2022-ci ildə 1,2 %-i) fiziki-kimyəvi göstəricilərinə, 3,9 %-i (2022-ci ildə 7,9 %-i) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.

"Azərsu" ASC Bakıdakı 94 mərkəzi və məhəllədaxili su anbarının yuyulub zərərsizləşdirilməsini təmin edib, bu tədbirlərdən sonra laboratoriya müayinəsi üçün götürülmüş 112 su nümunəsindən 9,8 %-nin bakterioloji göstəriciləri qeyri-kafi olub, fiziki-kimyəvi göstəriciləri isə norma daxilində olub. Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülüb, təkrar müayinələr aparılıb", - deyə o qeyd edib.

"2023-cü ildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 (2022-ci ildə 402) su nümunəsinin 33 %-i (2022-ci ildə 41,2 %-i) fiziki-kimyəvi, 12 %-i (2022-ci ildə 19,6 %-i) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.

Respublikada yerli su təchizatı mənbələri üzərində nəzarət tədbirlərinin həyat keçirilməsi məqsədilə respublikanın 16 rayonunda yerləşən 460 su mənbəyi laborator tədqiqat üsulunun tətbiqi ilə müayinə olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunmuş 529 nümunədən 23,2 %-i orqanoleptik, 11,8 %-i kimyəvi, 40,3 %-i bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.

O cümlədən, Yevlax şəhərinin içməli su təchizatı ilə bağlı aparılmış müayinələr zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib", - deyə deputat əlavə edib.