İran Prezidenti Türkiyəyə yola düşüb

İran Prezidenti Türkiyəyə yola düşüb

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə yola düşüb.

“Report” İran mətbuatına istinadən bildirir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində iki ölkə prezidentlərinin təkbətək görüşü olacaq. Sonra R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək.

Daha sonra prezidentlərin mətbuat konfransı olacaq.

İ.Rəisi Ankaraya yola düşməmişdən əvvəl hava limanında jurnalistlərə açıqlama verib. O bildirib ki, səfər zamanı ikitərəfli əlaqələri, xüsusən də iqtisadi və ticarət məsələlərini müzakirə etməyi planlaşdırır.

İ.Rəisinin sözlərinə görə, səfər zamanı iki ölkənin ticarət-iqtisadi əlaqələrini inkişaf etdirmək üçün mühüm sənədlər imzalanacaq.

Qeyd edək ki, İ.Rəisinin Türkiyəyə səfəri yanvarın 4-nə nəzərdə tutulmuşdu. Ancaq ictimaiyyət üçün açıqlanmayan səbəblərdən səfər bir neçə dəfə təxirə salınmışdı.