Assanjın ekstradisiyası ilə bağlı qərarın veriləcəyi vaxt məlum olub

Assanjın ekstradisiyası ilə bağlı qərarın veriləcəyi vaxt məlum olub

"WikiLeaks"in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı qərarın martda veriləcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə "WikiLeaks"in "X" səhifəsində bildirilib.

“Mart: Culian Assanjın müraciəti ilə bağlı yekun qərar”, - paylaşımda qeyd olunub.

Bundan əvvəl C.Assanj Böyük Britaniyadan ABŞ-a ekstradisiyaya qarşı apellyasiya şikayəti vermişdi.

O, ABŞ tarixində ən böyük məxfi məlumatın açıqlanması ilə bağlı cinayətlərdə ittiham olunur. Assanjın 175 illik həbs cəzası almaq təhlükəsi var.

Assanjın Ekvadorun Londondakı səfirliyindən qovulduqdan sonra 2019-cu ildən bəri saxlandığı Londonun Belmarş həbsxanasından dinləmələrə şəxsən və ya videobağlantı vasitəsilə qatılacağı hələ bəlli deyil. Dörd ildən artıqdır ki, Vaşinqton Londondan onu ABŞ-yə ekstradisiya etməyə çalışır.