Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili mövzusunda dərs keçirilib

Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili mövzusunda dərs keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Birxeber.Az FHN-ə istinadən xəbər verir ki, dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları, Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə aparılan işlərdən, müxtəlif maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.

Nümunəvi dərsdə FHN-in əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar nümayiş etdirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.