Azərbaycan Özbəkistanla aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsini müzakirə edib

Azərbaycan Özbəkistanla aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsini müzakirə edib

Azərbaycan ilə Özbəkistan arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi müzakirə olunub.

"Birxeber.Az" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Məcnun Məmmədov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla görüşüb. Nazir bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən M.Məmmədov bildirib ki, Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, aqrar sığorta mexanizminin tətbiqinə dair təcrübə mübadiləsi aparılması və digər məsələlər müzakirə olunub. Özbəkistanın pambıqçılıq və ipəkçilik sahəsində böyük təcrübəyə malik olduğunu deyən nazir hər iki ölkə mütəxəssislərinin bu istiqamətlərdə davamlı təcrübə mübadiləsi apardıqlarını vurğulayıb.

Tərəflər aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, elmi tədqiqat institutları arasında əməkdaşlığı genişləndirmək barədə də fikir mübadiləsi aparıblar.