General-mayor Akim Abbasovun xatirəsi yad edilib

General-mayor Akim Abbasovun xatirəsi yad edilib

Fevralın 27-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Birinci Fəxri xiyabanda görkəmli hərbi və ictimai-siyasi xadim Akim Əli oğlu Abbasovun məzarını ziyarət edib, qarşısına çələng və gül dəstələri qoyublar.

Bu barədə "Birxeber.Az"a Müdafiə Nazirliyindən bildirilib.

"Ulu Öndər Heydər Əliyevin sevimli qəhrəmanları" silsiləsindən vətənpərvərlik tədbirləri çərçivəsində keçirilən anım mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək unudulmaz sərkərdənin hər bir gənc üçün örnək olan mənalı ömür yolu və sərkərdə məharətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Polkovnik A.Qurbani görkəmli xadimin hərbi xidmət illərindən söz açaraq A.Abbasovun Zaqafqaziya hərbi hazırlıq məktəbinin ilk məzunlarından olduğunu, azərbaycanlı gəncin güc və qüdrətini nümayiş etdirdiyini, diviziya komandiri vəzifəsinədək yüksəldiyini, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etdiyini və üç çağırış Azərbaycanın Ali Sovetinə deputat seçildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, A.Abbasov İkinci Dünya müharibəsinin ilk günlərindən Cənub-Qərb cəbhəsində döyüşlərə qatılıb, özünü gorxmaz, igid və şücaətli qəhrəman kimi göstərib. Qafqazın müdafiəsində 402-ci Azərbaycan atıcı diviziyasının alay komandiri kimi fərqlənib və qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib.

Digər çıxış edənlər Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da artırılmasında ata və babalarımızın qəhrəmanlıq ənənələrinin, hərb tariximizin öyrənilməsinə, təbliğinə böyük əhəmiyyət verildiyini nəzərə çatdırıblar. Vurğulanıb ki, qəhrəmanlıq ənənələrimizi öyrənmədən, hərb tariximizi bilmədən yeni qəhrəmanlar yetişdirmək mümkün deyil.

General Akim Abbasov kimi sərkərdələrin qəhrəmanlıq nümunələri Azərbaycanın müstəqilliyini qorumaqda, əbədi etməkdə bu gün də örnəkdir.
Generalın oğlu, Azərbaycanın Silahlı Qüvvələr veteranı, istefada olan polkovnik Asif Abbasov atasının xatirəsinin həmişə əziz tutulduğuna görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.