Komitə sədrinin müavini: Bələdiyyələrlə bağlı islahatlar ardıcıl şəkildə davam etdiriləcək

Komitə sədrinin müavini: Bələdiyyələrlə bağlı islahatlar ardıcıl şəkildə davam etdiriləcək

Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev bələdiyyələrlə bağlı islahatların ardıcıl şəkildə davam etdiriləcəyini bildirib.

Deputat “Report”a açıqlamasında qeyd edib ki, kiçik bələdiyyələrin çoxluğu, xüsusi güc və rıçaqlara malik olmaması onların birləşməsini şərtləndirən əsas səbəblərdən biridir.

Onun sözlərinə görə, kiçik bələdiyyələrin birləşdirilməsi ilə bağlı məsələ illərdir parlamentin plenar və komitə iclaslarında qaldırılır: "Ona görə də hazırda sevinirik ki, məlum istiqamətdə çox ciddi prosesə start verilib. Tezliklə məsələ müzakirəyə çıxarılacaq və bununla da bələdiyyələrin fəaliyyətində müsbət xarakterli dəyişikliklərə şahidlik edəcəyik”.

Deputat əlavə edib ki, birləşmələrdən sonra gedişatın müsbət və daha faydalı olacağı, daha dinamik xarakter alacağı mütləqdir: “Çünki qanun layihəsində nəzərdə tutulan dəyişikliklərdən sonra həm bələdiyyələrin gücü geniş şəkildə artacaq, həm onların təsir imkanları genişlənəcək, həm koordinasiya baxımından effekt hiss olunacaq, həm inzibati-idarəetmə xərcləri optimallaşaq, həm də bələdiyyələrin özlərinin saxlanılmasına sərf olunan xərclərə qənaət ediləcək. Bu isə hər kəsin arzusudur. Ələlxüsus da bələdiyyələrin və bələdiyyə üzvlərinin”.

Elşən Musayev
Elşən Musayev

Milli Məclisin üzvü qeyd edib ki, güc olan yerdə nüfuz da olacaq: “Nüfuz olan yerdə isə rentabellik, vətəndaş məmnunluğu və bələdiyyə özgüvəni artmış olacaq. Dəyişikliyin mahiyyəti, prioriteti də bu istiqamətədir - bələdiyyələrin gücünü və nüfuzunu artırmaq. Çünki dünya praktikasında bələdiyyələr ən hörmətli qurumlardan biridir. Yerli özünüidarəetmə çox ciddi funksiyadır. Düzdür, Azərbaycanda bələdiyyələrin yaşı, tarixi elə də böyük deyil və bəlkə də buna görə indiyə qədər müəyyən çatışmazlıqlar, boşluqlar olub. Amma heç şübhə etmirəm ki, həm qanunvericiliyə edilən dəyişikliklər, həm də bələdiyyələrimizdəki kadr potensialı bu sahədə inkişafı sürətləndirəcək”.

E.Musayev vurğulayıb ki, əsas yenilik məhz diqqət çəkdiyimiz birləşmələrlə bağlıdır: “Amma bu, startdır, prosesin ilkin mərhələsidir və hər birimizdə əminlik var ki, məlum istiqamətdə islahatlar ardıcıl şəkildə davam edəcək”.