Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır - RƏY

Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır - RƏY

Ermənistan baş naziri Nikol Paşinyanın qərəzli açıqlamaları, Azərbaycanı guya müharibəyə hazırlaşmaqda ittiham etməsi Qərbin Cənubi Qafqazdakı çirkin maraqlarından xəbər verir. Proseslərin təhlili göstərir ki, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, buna dəlalət edən kifayət qədər faktlar var: "Faktlar sırasında Ermənistana siyasi və hərbi dəstəyin verilməsini, Fransa dövlət başçısı Emmanuel Makronun N.Paşinyanın yanında olması haqqında bəyanatı, Qərbin az qala bütün arenalarda İrəvana yardımını qeyd etmək olar. Bütün bunlar çirkin hədəf və məqsədlərə xidmət edir. Eyni zamanda, xüsusi qeyd etməli olduğumuz məqam Fransa, eləcə də digər Qərb dövlətləri tərəfindən Ermənistanın davamlı silahlandırılmasıdır. Son zamanlar bunu açıq-aydın nümayiş etdirirlər. Fransa rəsmiləri Ermənistana gələrək, hərbi əməkdaşlıq müqavilələri bağlayırlar və İrəvanda oturub, Azərbaycana ittihamlar səsləndirirlər”.

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

Deputat hesab edir ki, Ermənistan son günlərdə ümumiyyətlə, sülh müqaviləsi barədə düşünmür, sadəcə Azərbaycanı ittiham etməklə məşğuldur: “Hazırda bölgədə Fransanın simasında Qərb və Rusiya qarşıdurması gedir. Qərb çalışır ki, Cənubi Qafqazda yeni cəbhə, münaqişə yaratsın. Bu da Rusiyanın diqqətini Ukraynadan çəkib, Cənubi Qafqaza yönəltmək niyyəti güdür. Hesab edirəm ki, bu, çox təhlükəli yanaşmadır və bütün dövlətlər üçün ciddi problem yarada bilər”.

Parlamentari bildirib ki, Ermənistanın addımları bölgəni ciddi formada təhdid edir: "Yaradılan vəziyyət Cənubi Qafqaza yeni münaqişələr, qarşıdurmalar vəd edir, gərginliyi artırır. Qərb dövlətləri təxribatların həm onlar üçün, həm Ermənistan üçün ciddi fəsad və təhlükə yaradacağını nəzərə almalıdır. Hazırda məsuliyyət Ermənistanın üzərinə düşür. İrəvan çox diqqətli olmalıdır. Ermənistan 30 il ərzində Azərbaycanın xəbərdarlığından nəticə çıxarmadı və çox ağır itkilərlə, faciələrlə üz-üzə qaldı. Ona görə də Ermənistan həmin çirkin təbliğatdan, siyasi oyunlardan uzaq olmalıdır. Bölgədə gərginlik yaratmaq Ermənistana yaxşı nəsə vəd etmir”.