"AŞPA həmişə Azərbaycanda ictimai-siyasi mühiti gərginləşdirməyə çalışıb" - RƏY

"AŞPA həmişə Azərbaycanda ictimai-siyasi mühiti gərginləşdirməyə çalışıb" - RƏY

Milli Məclisin deputatı Azər Badamov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı heç vaxt səmimi olmadığını və həmişə ölkədə ictimai-siyasi mühitin gərginləşdirilməsi istiqamətində fəaliyyəti ilə özünü göstərdiyini bildirib.

O, "Birxeber.Az"a açıqlamasında deyib ki, AŞPA ədalətdən uzaqdır və bu da qurumun Fransanın əlaltısı olduğunu göstərir:

"Torpaqlarımız 30 il işğal altında və 1 milyon məcburi köçkünümüz olduğu dövrdə AŞPA Ermənistana qarşı hansısa bir qərar qəbul etdimi? Hətta Suriya qaçqınları ilə bağlı məsələ AŞPA-da müzakirə olunanda qurumun keçmiş prezidentinə azərbaycanlı məcburi köçkünlərlə bağlı sual ünvanlananda da Ermənistanın adını çəkməmiş və suala cavab verməkdən yayınmışdı. AŞPA üçün Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi və 1 milyon azərbaycanlının məcburi köçkün düşməsi qəbul olunan idi. Amma Azərbaycanın öz gücü ilə pozulmuş beynəlxalq hüquq normalarını bərpa etməsi, ərazilərin suverenliyinin təmin olunması qəbul olunmur".

Deputat vurğulayıb ki, Almaniya da Fransa tərəfindən idarə olunur və Azərbaycana qarşı qərəzli, böhtan xaralkterli addımların atılmasında almaniyalı deputatlardan istifadə olunur:

"Çünki Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı məsələni almaniyalı deputat Fran Şvabe irəli sürüb. Sual olunur ki, münaqişələrin həll olunmasına AŞPA nə kimi töhfələr verib? Gürcüstanda baş vermiş münaqişə, Ukraynada davam edən müharibə, Azərbaycan torpaqlarının 30 il işğal altında olması ilə bağlı məsələ və s. çox sadalamaq olar. AŞPA-nın bu məsələlərin danışıqlar yolu ilə həll olunmasında heç bir rolu olmayıb. Hətta deyə bilərəm ki, AŞPA münaqişələrin dərinləşməsinə və regionlarda gərginliyin artmasına çalışıb. Yəni bu təşkilat öz statusundan istifadə edərək nəinki sülhə, əksinə, sabitliyin pozulmasına və ölkələrdə gərginliyin artmasına xidmət edib".

A.Badamov qeyd edib ki, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməsə, Avropa Məhkəməsi də rəsmi Bakıya lazım deyil:

"Çünki Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarlar yalnız Qərbin "beşinci kolon"unun müdafiəsi ilə bağlı olub. Qərb "beşinci kolon" vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ölkəni gücsüzləşdirməyə və rəngli inqilabların məkanına çevirməyə çalışıb. Təbii ki, onların siyasi texnoloqların girə bildiyi və "beşinci kolon"u canalandıra bildiyi ölkələrin aqibətinin necə olduğunu bütün dünya görüb. Amma Qərb Azərbaycanı həmin ölkələrlə müqayisə etməsin. Çünki ölkəmizdə xalqımızın inandığı və etibar etdiyi lider var. Ona görə də heç bir xarici güc xalqımızın milli maraqlarına qarşı çirkin məqsədinə nail ola bilməyəcək. Əgər AŞPA Azərbaycan nümayəndə heyətini təsdiqləməsə, təbii ki, təxribatçılara haqq qazandıran Avropa Məhkəməsinin yurisdiksiyası da bizə lazım olmayacaq".

Milli Məclisin üzvü AŞPA-nın ədalətsiz hərəkətlərinin bu beynəlxalq qurumun Fransanın əlində alət olmasının göstəricisi sayıb:

"Məhz Fransanın təkidi ilə ötən il də Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilməsinin şahidi olmuşuq. Amma çox təəssüf edirəm ki, Angela Merkel, Şrüder, Helmot Kol, Adenaur kimi rəhbərləri olmuş və öz müstəqil siyasəti ilə Avropaya ağsaqqallıq etmiş Almaniya bu gün dünyada nüfuzunu günü-gündən itirən Fransanın oyuncağına çevrilib. Onun diktəsi ilə Azərbaycana qarşı qərəzli məsələlər AŞPA-da gündəliyə gətirilir. Almaniyalı deputat Frank Şvabe Azərbaycana qarşı qərəzli bir məsələni gündəmə gətirəndə ilk növbədə öz ölkəsinin keçmişini xatırlasa, daha yaxşı olar. Təəssüf ki, Fransa Almaniyanı idarə edir və öz çirkin niyyətlərinin arxasınca aparır. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməsə, ilk növbədə öz nüfuzuna zərbədir. AŞPA formal xarakterli təşkilatdır. Ona görə də belə bir qurumun Azərbaycanın nə qədər lazım olduğunu düşünməliyik".