Komitə sədri: Gənc qadınlar arasında körpəsinə süd verməmək dəb halına düşüb

Komitə sədri: Gənc qadınlar arasında körpəsinə süd verməmək dəb halına düşüb

Gənc qadınlar arasında körpəsinə süd verməmək dəb halına düşüb.

“Birxeber.Az” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bu gün ana südü ilə qidalanan körpələrin sayında ciddi azalma var və bu, çox təhlükəli haldır: "Körpə üçün ana südündən qiymətli heç nə ola bilməz. Digər xarici ölkələrdə süni körpə qidasının reklamı qadağandır. Süni qidanın tərkibi nə qədər zəngin olsa, yaxud keyfiyyətli hazırlansa da, heç vaxt ana südünü əvəz edə bilməz. Mənim də hərdən televiziya və mediada təəssüf ki, gözümə süni qidaların reklamı dəyir. Bununla ciddi mübarizə aparmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu gün süd vəzi xərçəngi qeydə alınan qadınların çoxu məhz övladına süd verməyən analardır”.

Ə.Əmiraslanov vurğulayıb ki, gənc qadınlar arasında körpəsinə süd verməmək dəb halına düşüb: “Bu çox təhlükəli tendensiyadır. Bundan başqa, qeysəriyyə üsulu ilə körpə dünyaya gətirməklə təbii yolla doğuşun sayı da azalıb. Bunu müxtəlif yolla əsaslandırmağa çalışsalar da, inandırıcı görünmür. Həm körpəyə ana südü verməmək, həm də qeysəriyyə əməliyyatı yalnız həkim göstərişi ilə olmalıdır”.