Rusiya benzin ixracına qadağa tətbiq edir: Azərbaycana necə təsir edəcək?

Rusiya benzin ixracına qadağa tətbiq edir: Azərbaycana necə təsir edəcək?

Azərbaycanın əsas benzin tədarükçüsü olan Rusiya əksər ölkələrə benzin ixracına qadağa qoymağa hazırlaşır.

“Birxeber.Az”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirin müavini Aleksandr Novakın nümayəndəsinə istinadən xəbər verir.

Ölkənin Baş naziri Mixail Mişustin martın 1-dən xaricə yanacağın satışının altı ay müddətinə dayandırılması təklifini təsdiqləyib. Bundan başqa, Nazirlər Kabineti birjada dizel yanacağının satışının minimum həcmini 16 %-ə qaldıracaq.

Məlumata görə, qadağa Avrasiya İqtisadi Şurasının ölkələrinə (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan), həmçinin Özbəkistan, Monqolustan, tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.

A.Novak bir neçə gün əvvəl benzinin ixracına qoyulan qadağanın təzələnməsi təklifini irəli sürüb. Baş nazirin müavini yaz-tarla işlərinin başlanması və yay tətili ilə əlaqədar neft məhsullarına tələbatın artdığı mövsümün yaxınlaşmasını səbəb gətirib. Bundan başqa, bir neçə neft emalı zavodunun təmirə bağlanması problemi daha da dərinləşdirir. Bundan əvvəl Rusiya Energetika Nazirliyi də “Lukoil” şirkətinin Nijni Novqorod şəhərindəki neft emalı zavodunun təmiri zamanı benzin ixracını azaldıb.

Xatırladaq ki, Rusiya hökuməti 2023-cü ilin sentyabrında da benzin və dizelin ixracını məhdudlaşdırmışdı. O zaman qərar həm daxili bazarı təmin etmək və yanacağın qiymətini sabitləşdirmək istəyi ilə izah edilmişdi. Lakin artıq oktyabrda məhdudiyyətlər yumşaldılmağa başladı və noyabrda benzinin ixracına qoyulan qadağa tamamilə aradan qaldırıldı. Bununla belə, Rusiya Energetika Nazirliyi “lazım olduğu halda” məhdudiyyətlərin geri qaytarılmasını istisna etməyib.

Qeyd edək ki, Azərbaycan 2023-cü ildə Rusiyadan 37,83 milyon ABŞ dolları dəyərində 40 min 262 ton “Aİ-95” markalı, 14,25 milyon ABŞ dolları dəyərində 17 min 387 ton “Aİ-92” markalı və 402,56 min ABŞ dolları dəyərində 357,1 ton “Aİ-98” markalı benzin tədarük edib. Azərbaycanın ötən il xaricdən aldığı 64 min 976 ton “Aİ-92” markalı benzinin 27 %-i, 86 min ton “Aİ-95” markalı benzinin 47 %-i və 2 min ton “Aİ-98” markalı benzinin 18 %-i Rusiyanın payına düşüb.

Azərbaycan “Aİ-92” markalı benzini həmçinin Litva və Türkmənistandan, “Aİ-95”-i Belarus, Rumıniya, Yunanıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Bolqarıstandan və “Aİ-98” markalı benzini Rumıniya, Belarus, Gürcüstan və Amerika Birləşmiş Ştatlarından idxal edir.

Azərbaycanda "Aİ-92" markalı avtomobil benzini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.