Rusiya MN: "Belqorodda qəzaya uğrayan təyyarədə 65 ukraynalı əsir olub" - YENİLƏNİB-2

Rusiya MN: "Belqorodda qəzaya uğrayan təyyarədə 65 ukraynalı əsir olub" - YENİLƏNİB-2

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin vurulması faktını təsdiqləyib.

"Report” xəbər verir ki, təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Məlumata görə, əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.

Hadisədən sonra Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov əhaliyə çağırış da edib: “Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan, pəncərələrsiz otaqlarda sığınmaq lazımdır”.

Qubernator bayırda olan sakinlərə təhlükəsiz yerə keçməyi də tövsiyə edib.

Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə açıqlamasında hadisənin araşdırılacağını deyib.

13:14

Rusiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 63 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rəsmi qurumlar məlumatı hələ ki təsdiqləməyib.

13:06

Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir.

Hadisənin səbəbi və nəticələri araşdırılır.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.