Azərbaycan və Türkiyənin gömrük xidmətlərinin görüşü keçirilib

Azərbaycan və Türkiyənin gömrük xidmətlərinin görüşü keçirilib

Azərbaycan-Türkiyə sərhədində yerləşən “Sədərək” gömrük postunda iki ölkənin gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə "Report"un yerli bürosuna Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmakın və Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Tərəflər təhlükəsizlik, hüquqpozmalara qarşı mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi, həmçinin nəqliyyat və yük axınlarının sərhədkeçmə, gömrük nəzarəti proseslərinin sürətləndirilməsi, bu sahədə qarşıya çıxan məsələlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Türkiyə-İran sərhədindəki Gurbulaq-Bəzirgan sərhəd-keçid məntəqəsində yaranan uzun növbələr səbəbilə Naxçıvan üzərindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayının kəskin artması, iki ölkə sərhədində yaranmış müvəqqəti sıxlıqların operativ aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli idarə edilməsinə dair məsələlər müzakirə olunub.

Türkiyə nümayəndə heyəti “Sədərək” gömrük postunun mövcud infrastrukturu ilə də yaxından tanış olublar.