AZPROMO "Alibaba Group"la Anlaşma Memorandumu imzalayıb

AZPROMO "Alibaba Group"la Anlaşma Memorandumu imzalayıb

Bu gün Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Çinin elektron ticarət nəhəngi "Alibaba Group" arasında Anlaşma Memorandumu imzalanıb.

"Birxeber.Az" xəbər verir ki, sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Çin şirkətinin Qlobal Strateji Tərəfdaşlıq üzrə rəhbəri Tim Sonq imzalayıb.

Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışına töhfə verəcək. İmzalanma "Azərbaycanda icra olunacaq layihəyə dair KOB subyektlərinin iştirakı ilə keçirilən seminar" çərçivəsində baş tutub.

***

T.Sonq qeyd edib ki, Azərbaycan şirkətlərinin məhsullarının Alibaba.com platformasında satışa çıxarılması müzakirə edilir. "Azərbaycanın unikal ixrac potensialı var. Bizim məqsədimiz ölkənizə unikal məhsul və xidmətlərlə beynəlxalq arenada seçilməkdə kömək etməkdir. "Alibaba" yarandığı gündən kiçik və orta biznesin (KOB) qlobal bazara çıxmaq səylərini daim dəstəkləməyə çalışıb. Bu gün Azərbaycanda yerli kiçik və orta müəssisələrlə işə başladığımızı elan etməkdən məmnunuq. Bu təşəbbüsün məqsədi Azərbaycan KOB-larına öz məhsullarını həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanıtmaqda kömək etməkdir".

"Alibaba" Azərbaycan bazarının ehtiyaclarını təhlil etmək üçün öz təcrübəsindən və resurslarından istifadə etməyi, eləcə də yerli satıcılara bütün dünyada geniş yayılmış B2B tərəfdaşlar şəbəkəsinə çıxışı təmin etməyi planlaşdırır", - deyə şirkət rəsmisi əlavə edib.