BP-nin vitse-prezidenti Bakıda bir sıra görüşlər keçirəcək

BP-nin vitse-prezidenti Bakıda bir sıra görüşlər keçirəcək

BP şirkətinin strategiya, davamlılıq və müəssisələr üzrə vitse-prezidenti Culia Kerkia 27 fevral tarixindən başlayaraq Bakıda 3-günlük planlaşdırılmış işgüzar səfərdədir.

BP-dən “APA-Economics”ə verilən məlumata görə, səfər zamanı xanım Kerkia şirkətin regiondakı işçi heyəti ilə görüşəcək, həmçinin bp-nin regional rəhbərliyi ilə şirkətin əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyəti, əməyin təhlükəsizliyi, iş icrası, strategiya və enerji keçidi ilə bağlı məsələləri müzakirə edəcək.

Xanım Kerkia həmçinin bp-nin əməliyyatçısı olduğu və 2020-ci ildən başlayaraq Avropa bazarlarını təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edən Şahdəniz Bravo platformasına səfər edəcək.

Səfər proqramı çərçivəsində xanım Kerkia Azərbaycan Respublikasının Energetika naziri cənab Pərviz Şahbazov, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev və SOCAR-ın prezidenti cənab Rövşən Nəcəf ilə görüşəcək. Bu görüşlərdə bp-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və bp-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunacaq.