Komissar Borrell qırmızı xətti keçib - Azərbaycan-Aİ əlaqələri təhlükə altındadır - ŞƏRH

Komissar Borrell qırmızı xətti keçib - Azərbaycan-Aİ əlaqələri təhlükə altındadır - ŞƏRH

Azərbaycan gənclərinə böyükləri “avropalaşmağı" da məsləhət görüb, vəsiyyət edib. Ancaq avropalıların qurduğu Avropa İttifaqı kimi nüfuzlu təşkilatın rəhbərlərinin çıxışlarını təhlil edəndə fərqli mənzərə yaranır. Bu qurumda baş verən korrupsiya və ədalətsiz mövqe təəssüf və təəccüb yaradır.

Son günlər isə Avropa İttifaqının rəhbərliyi faktları saxtalaşdırmağa, təhrif etməyə başlayıb. Bu, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrellin çıxışlarında özünü daha qabarıq göstərir. O iddia edir ki, guya Azərbaycan Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edib. Guya Azərbaycan Ermənistan ərazisini “işğal edib” və s. təhriflərlə Azərbaycana qarşı ittihamlar irəli sürüb.

Aİ-də Fransa hakimiyyəti hegemonluq edir. Borrellin də çıxışı daha çox rəsmi Parisin nümayəndəsinin çıxışını xatırladır.

Azərbaycan və Ermənistan rəsmiləri sülh, danışıqlarla bağlı məsələləri müzakirə etməklə bağlı açıqlamalar verdikləri bir şəraitdə Avropa İttifaqı rəsmisinin bu təhrif dolu çıxışı iki ölkə arasında normallaşma prosesinə zərbə vurur. Belə çıxışlar rəsmi Bakının İrəvana etimadına, etibarına xələl yetirir.

Aİ rəsmisinin çıxışındakı təhriflərin bəzilərinə münasibət bildirmək istərdik. Azərbaycan Ermənistana heç vaxt ərazi iddiası irəli sürməyib. Sadəcə, rəsmi Bakı tarixi faktları və Ermənistan adlı dövlətin son yüz ildə yaranması prosesinə, habelə bu ölkənin erməniləşməsinə, azərbaycanlıların (türklərin) bu ölkədən sıxışdırılmasına dair tarixi faktları sadalayıb. Bundan başqa, həmin ərazilərin doğurdanda türklərə aid olduğunu təsdiqləyən yer adlarının süni olaraq erməniləşdirilməsinə münasibət bildirib tarixi təhriflərin və ədalətsizliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Aİ-nin ali nümayəndəsinin faktları açıq-aşkar təhrif etməsi ilk hal deyil, bundan əvvəl Borrellin hətta ermənilərin özlərinin də “120 min” hesab etdiyi Qarabağ ermənilərinin sayını “150 min” kimi səsləndirməsi də mexaniki səhv deyildi.

Azərbaycanla Ermənistan arasında sərhəd müəyyənləşməyib. Digər tərəfdən həmin bölgələrdən Azərbaycana qarşı daim təhrikedici hadisələr törədilir. Bunun qarşısının alınması, regiona köçürülən azərbaycanlı məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə rəsmi Bakı həmin istiqamətdə sərhədçilərini saxlayır.

Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı illərdə bölgədə torpaqlarına heç vaxt sərhəd nişanı qoymayıb. Bununla da iki dövlət arasında sərhədlərin qeyri-müəyyən olduğunu əməli ilə təsdiqləyib.

Cozef Borrell və Avropa İttifaqının ayrı-ayrı rəsmiləri heç vaxt 300 minə yaxın qərbi azərbaycanlının pozulmuş hüquqlarından bəhs etməyib, onların pozulan haqlarının bərpa edilməsi ilə bağlı rəsmi İrəvana etiraz bildirməyib.

Aİ rəsmisi Fransanın vəkili rolunda da özünü göstərib. Fransa diplomatlarının Azərbaycan ərazisində casusluğu, dövlətin əleyhinə fəaliyyətini müdafiə edib, rəsmi Parislə həmrəyliyini bildirib.

Aİ rəsmisinin çıxışı yada Fransa Prezidenti Emmanuel Makronun və komandasının, habelə bu ölkə parlamentarilərinin anti-Azərbaycan, saxta çıxışlarını xatırladır. Sanki Borrell Yelisey sarayının Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı yazdıqlarını oxuyur. Elə Aİ də özünü Fransa kimi aparır. Çünki Avropa İttifaqı beynəlxalq aləmdə baş verən hadisələrdə mövqesiz haldadır. Britaniyanın İttifaqı tərk etməsi isə onun nüfuzunun göstəricisidir. Avropa İttifaqı yarandığı gündən indiyədək ABŞ-nin kölgəsində böyüyüb, özünü böyük görüb. İndi belə vəziyyətdə özünü güc mərkəzi olaraq görür. Buna isə gücü çatmır. Odur ki, Borrellin timsalında səhvlərə, təhriflərə və saxtakarlıqlara yol verir.

Odur ki, Avropa İttifaqının rəsmisinin bu kimi çıxışları təşkilatın nüfuzuna zərbə vurur. O bu çıxışı ilə qırmızı xətti keçib. Borrell Azərbaycan-Aİ əlaqələrinə çox böyük zərbə vurub. Təşkilata etimadı zədələyib. O və onun kimi fəaliyyət göstərənlər faktiki olaraq Azərbaycan-Ermənistan münasibtlərinin normallaşdırılmasında Aİ-nin rolunu, rəsmi Bakı ilə İrəvan arasında vasitəçiliyini heçə endirir. Atalarımız yaxşı deyiblər: “Kovxası gülüm olanın başına külüm olar”.