AŞPA deputatı: “Assambleyada Azərbaycanın səlahiyyətlərinin məhdudlaşdırılmasına dair planlar siyasi motivlidir”

AŞPA deputatı: “Assambleyada Azərbaycanın səlahiyyətlərinin məhdudlaşdırılmasına dair planlar siyasi motivlidir”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səlahiyyətlərinin mübahisələndirilməsi qərarının siyasi motivli olduğu görünür.

Bu barədə “Report”a açıqlamasında Serbiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Stefan Yovanoviç (Stefan Jovanović) bildirib.

“Avropa Şurasının bütün üzvlərinin öhdəliklərini yerinə yetirməsi vacibdir. Amma AŞPA və Avropa Şurası kimi qurumların iştirakçı ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı fundamental prinsiplərə riayət etməsi də eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir”, - o vurğulayıb.

S.Yovanoviçin sözlərinə görə, AŞPA-da azərbaycanlı deputatların səlahiyyətləri ilə bağlı bu gün müzakirəsi planlaşdırılan şikayətin nəticəsi bir il ərzində nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması ola bilər:

“Fikrimcə, bu, arzuolunmaz həll olardı. Sanksiyalar və ya cəza tədbirləri, məsələn, səsvermə hüququnun məhdudlaşdırılması ciddi tədbirlərdir. Sanksiyaya keçmək əvəzinə dialoqa və diplomatik müzakirələrə başlamaq daha konstruktiv olardı. Belə ki, sanksiyalar münasibətlərin daha da gərginləşməsi ilə nəticələnə bilər. Yəni sanksiyalar bu yolla həll edilməyə çalışılan məsələlərin müsbət həllinə töhfə verməyəcək”.

O əlavə edib ki, Avropa Şurasına üzv dövlətlər arasında əməkdaşlıq və birlik üçün uzunmüddətli əlaqələri və belə qərarların daha geniş nəticələrini nəzərə almaq çox vacibdir:

“Avropa Şurasının bəzi üzv dövlətlərinin Ermənistan və Azərbaycan arasında davam edən danışıqlara və ölkənin bu ilin sonunda COP29 iqlim konfransına sədrlik etməsinə yardım göstərmək istəyini nəzərə alsaq, belə təşəbbüslərin səmərəli olmadığı görünür”.