Viktor Araqones: “Orta Dəhlizidə vahid IT sistemi yaradılmalıdır”

Viktor Araqones: “Orta Dəhlizidə vahid IT sistemi yaradılmalıdır”

Hazırda Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhatə edən vahid IT sistemi yoxdur və bu da müəyyən çətinliklərə yol açır.

“Birxeber.Az” xəbər verir ki, bunu Dünya Bankının nəqliyyat sahəsi üzrə iqtisadçısı Viktor Araqones Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.

O bildirib ki, Orta Dəhlizin inkişafında infrastruktur məsələləri əhəmiyyətlidir, lakin bir sıra problemlər var ki, onların həlli infrastrukturla bağlı deyil: “Orta Dəhlizdə mövcud maneələri aradan qaldırmaq üçün əməliyyat səmərəliliyinə diqqət yetirilməlidir. Bizim müəyyən etdiyimiz əsas məqamlardan biri dəhlizin koordinasiyasıdır. Orta Dəhliz digərlərinə nisbətən daha mürəkkəb dəhlizdir. Bir çox tərəflər arasında koordinasiyanı təkmilləşdirməyə ehtiyac var. Təkmilləşdirilməsinə ehtiyac olan sahələrdən biri yüklərin dəmir yolu ilə limana, limandan gəmilərə daşınması arasındakı əlaqədir. Biz bilirik ki, bəzi hallarda avadanlıqların və ya limanın iş təcrübəsinin dəyişdirilməsi, modernləşdirilməsi mümkündür. Bu da problemin bir hissəsini həll etməyə kömək edir”.

Problemlər sırasında sərhəd keçidi zamanı gecikmələrin olduğunu deyən iqtisadçı bütün dəhlizi əhatə edən rəqəmsal platformanın olmamasını da diqqətə çatdırıb: “Biz Orta Dəhlizə iqtisadi yöndən baxmalıyıq. Bu problemlərin həlli dəhlizin iqtisadi potensialını artıracaq və daha rəqabətli edəcək. Biz problemlərin həlli ilə bağlı 5 tövsiyə vermişik”.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.