"Səbail"in futbolçusu: Karyeramda ən azı 300-350 matç hədəfləyirəm

"Səbail"in futbolçusu: Karyeramda ən azı 300-350 matç hədəfləyirəm

Karyeramdakı oyunların sayının daha çox olmasını istəyirəm. Ən azı 300-350 matç hədəfləyirəm.

Bunu "Report"a açıqlamasında Azərbaycan çempionatlarında 200-cü matçını keçirən "Səbail"in futbolçusu Adil Nağıyev deyib.

"Sabah"a qalib gəldikləri (2:0) Premyer Liqanın XXIV turunun matçında sonradan meydana çıxan 29 yaşlı müdafiəçi daha çox meydanda olmaq üçün çalışdığını bildirib: "Bunun üçün şadam. Allah bu qədər qarşılaşmada iştirakı mənə qismət etdi. Hazırda "Səbail"də yeni tarix yazmağı hədəfləyirəm. Həm klubla bağlı, həm də şəxsi hədəflərim var. Bu komanda ilə avrokubokda mübarizə aparmaq istəyirəm".

Nağıyev "Sabah"la duelin 6 xallıq görüş olduğunu deyib: "Qələbə hər iki komanda üçün çox vacib idi. Meydana 3 xal əldə etmək üçün çıxmışdıq. "Sabah" çox güclü rəqibdir. Matçın taleyini həll edən kifayət qədər yaxşı futbolçuları var. Bu qarşılaşmada yaxşı oyun sərgilədik və baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək layiqli 3 xal qazandıq".

O, Premyer Liqadakı hədəflərindən də söz açıb: "Bizim çox yaxşı komandamız var. Daha yuxarı pillələrdə yer almağa gücümüz çatar. Bura qədər gəlmişiksə, deməli, bunu bacara bilərik. Son ana qədər turnir cədvəlinin üst pillələrində olmağa çalışacağıq. İnanıram ki, mövsümün sonunda buna nail olacağıq".

Son olaraq 2020-ci ildə Azərbaycan millisinin formasını geyinən müdafiəçi yığmaya qayıtmaq istədiyini vuğrulayıb: "İlk növbədə klubumda daim start heyətində oynamalıyam. Daha sonra isə öz çıxışımla yığmaya layiq olduğumu sübut etməliyəm".