Səfir: Xocalı soyqırımı Azərbaycana və bütün dünyaya qarşı cinayətdir

Səfir: Xocalı soyqırımı Azərbaycana və bütün dünyaya qarşı cinayətdir

Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanı və Bəhreyndəki səfiri Şahin Abdullayevin “The Daily Tribune” qəzetində dərc olunan məqaləsində qeyd olunub.

“Azərbaycanlılar 200 il ərzində erməni milli şovinistləri tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalıb. Ermənistanın işğalı nəticəsində azərbaycanlılar tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevriliblər. O vaxt Xocalını işğal etmiş Ermənistan Qarabağ regionunun digər ərazilərini, strateji yüksəklikləri də ələ keçirməyə çalışırdı”, - səfir vurğulayıb.

Ş.Abdullayevin sözlərinə görə, Xocalıda baş verən hadisələr əsl qırğın və qətliam idi:

“Birincisi, Xocalı mülki əhalinin yaşadığı şəhər idi. Yəni orada hərbi qulluqçular və hərbi texnika yox idi. Buna görə də ağır artilleriya ilə hücum edib şəhərə girməyə ehtiyac yox idi. İkincisi, Xocalıda dinc əhaliyə hücum Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının və təcavüzkar siyasətinin başladığı vaxta təsadüf edirdi. Beynəlxalq konvensiya və digər beynəlxalq qanunlarla Xocalı faciəsi kimi soyqırımılar pislənilir və belə bir cinayətin yolverilməz olduğu bəyan edilir”.

Diplomatın qənaətinə görə, bütün dünya başa düşməlidir ki, bu, təkcə Azərbaycan mülki əhalisinə qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı cinayətdir:

“İkinci Qarabağ müharibəsi və Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində bu gün Azərbaycan bayrağı bütün Qarabağ regionunda dalğalanır. Bu, çox böyük, bizim qəlbimizdə əbədi yaşayacaq tarixi hadisədir”.