Qazaxıstan Orta Dəhlizin uzunmüddətli inkişaf strategiyası ilə bağlı Dünya Bankına müraciət edib

Qazaxıstan Orta Dəhlizin uzunmüddətli inkişaf strategiyası ilə bağlı Dünya Bankına müraciət edib

Qafqaz regionu vasitəsilə Avropaya çıxışı təmin etmək üçün Mərkəzi Asiyanın Qara Dənizə birləşdirən yüksək nəqliyyat potensialını nəzərə alınmalı, tədbirlər, fəaliyyətlər həyata keçirilməlidir və bunun üçün Orta Dəhlizin 2040-cı ilə qədər, eyni zamanda, ondan sonrakı dövrləri əhatə edən uzunmüddətli inkişaf strategiyası hazırlanmalıdır.

“Report” xəbər verir ki, bu müraciəti Dünya Bankına Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Sapar Bektasov Gürcüstanda keçirilən Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bağlı regional tədbir çərçivəsində edib.

“Gələcəkdə bütün mümkün iqtisadi və ekoloji dəyişiklikləri nəzərə almaqla, Orta Dəhlizin inkişafı üzrə uzunmüddətli strategiyanın işlənib hazırlanması imkanlarını nəzərdən keçirməyinizi xahiş edirik. Əgər dəstək olarsa, bu təşəbbüsü komandanızla (Dünya Bankı - red.) ətraflı müzakirə edəcəyik”, - deyə o vurğulayıb.

S. Bektasov qeyd edib ki, Qazaxıstan hökuməti beşillik planlar müəyyənləşdirib və bu, mövcud problemlərə, bazar tələbinə əsaslanır: “Orta dəhliz beynəlxalq rəqabət baxımından çox mühüm amildir. Bu dəhlizin bütün potensialından səmərəli istifadə etməliyik”.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.