Bakı Limanı ilə Gürcüstan limanları arasında blokçeyn texnologiyası tətbiq ediləcək

Bakı Limanı ilə Gürcüstan limanları arasında blokçeyn texnologiyası tətbiq ediləcək

"Bu ilin ikinci yarısından Bakı Limanı ilə Gürcüstan limanları arasında blokçeyn texnologiyasının tətbiqi nəzərdə tutulur. Bu, konteynerlərin sayının artmasına kömək edəcək".

"APA-Economics" xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının departament müdiri Xudayar Həsənli Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə bildirib.

O bildirib ki, Orta Dəhlizin inkişafı üçün infrastruktur imkanlarını təkmilləşdirilməlidir: "İnfrastruktur potensialı imkan vermədikdə rəqəmsallaşma və təkmilləşdirmə işləri Çindən daha çox yükün cəlb edilməsinə kömək etməyəcək. Biz Bakı Dəniz Ticarət Limanı olaraq fəaliyyətimizi genişləndirəcəyik və yükdaşıma imkanlarımızı artıracağıq".

Xatırladaq ki, bu gün Gürcüstanın paytaxtı Tbilisidə Dünya Bankının bu yaxınlarda dərc etdiyi “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbir keçirilir. Tədbirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan və Ermənistanın hökumət nümayəndələri, eləcə də dövlət müəssisələrinin, özəl sektor və beyin mərkəzlərinin təmsilçiləri iştirak edir, Dünya Bankının araşdırmalarının əsas nəticələri müzakirə edilir.